"Həqiqətin vaxtı çatıb!"

Tarix: 23:03 12.03.2025
“Biz razıyıq və əgər Rusiya razılaşarsa, o zaman atəşkəs başlayacaq”, - deyə Prezident bildirib.
Zelenski, həmçinin qeyd edib ki, Vaşinqton Ukraynaya müdafiə yardımını, o cümlədən kəşfiyyat məlumatlarının ötürülməsini bərpa etməyə hazırdır.
Prezident vurğulayıb ki, 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev öz tərəfdaşları ilə birlikdə uzunmüddətli sülh və təhlükəsizliyə zəmanət verəcək işçi sənədlər hazırlaya biləcək.
“Ukrayna sülhə hazırdır. Rusiya da müharibəni bitirməyə və ya müharibəni davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir. Həqiqətin vaxtı çatıb!”, - deyə Zelenski vurğulayıb.
Mövzu ilə əlaqədar politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanının şəhərində keçirilən, Rusiya-Ukrayna müharibəsində sülhün əldə edilməsi istiqamətində aparılan danışıqlar fonunda Ukrayna Prezidenti Zelenski atəşkəslə bağlı fikir açıqlayıb:
“Zelenskinin 30 günlük atəşkəslə bağlı açıqladığı fikirlər heç də Rusiyanın şərtlərinin əsasında sülh müqaviləsinin bağlanması anlamına gəlmir. Zelenski bildirir ki, ABŞ Ukrayna tərəfinə kəşfiyyat məlumatlarının ötürülməsini və müdafiə yardımını dayandırmayacaq. Bu da onu göstərir ki, sülhün əldə olunması üçün ABŞ tərəfindən təzyiq bir tərəfli deyil, iki tərəfli olacaq.
İlk olaraq, Ukraynanın sülh danışıqlarına dəvət edilməsi, eyni zamanda Rusiya tərəfinin bu prosesdə olumlu mövqe nümayiş etdirməsi üçün hər iki tərəfə həm təşviqedici, həm də təzyiq vasitələrindən istifadə olunacaqdır.
Yaxın zamanda baş verən Rusiya ərazisində, xüsusən də Moskva istiqamətində Ukrayna dronlarının kütləvi hücumunu və Rusiya rəsmiləri tərəfindən buna cavab verilməsinin vacib olduğu barədə fikirləri nəzərə alsaq, görərik ki, 30 günlük atəşkəs hələlik tezdir”.
Ekspertin sözlərinə görə, yenidən tərəflərin bir-birinin ərazisinə dronlardan, raketlərdən və digər texnikalardan istifadə edərək, əks həmlə etmələrinin şahidi olacağıq:
“Sülh danışıqları istiqamətində tərəflərin razılığını ifadə etməsi, sülh danışıqlarının başlanmasına ümidləri artırır. Zelenskinin Vaşinqtona səfərində Avropa dövlətlərinin Ukraynaya müdafiə istiqamətində nümayiş etdirdikləri həmrəylik və açıq dəstək siyasəti ABŞ-nin belə bir kəskin təzyiq siyasətindən çəkindirdi.
Həm də Rusiya üçün bir aydınlıq yarandı ki, ABŞ tək başına olsa belə, Ukraynanın yanında güclü Qərb bloku dayanır. Bu sülh hər iki tərəfin maraqlarına diqqət etməlidir. Hazırda atəşkəs daha çox Ukraynanın maraqlarına xidmət edir”.
Asiman Vəliyeva