Paranoid Şəxsiyyət Pozuntusu və xüsusiyyətləri

Tarix: 23:05 12.03.2025
Paranoid şəxsiyyət pozuntusu olan şəxslər başqalarına qarşı dərin etibarsızlıq və şübhəçiliyi ilə digər şəxsiyyət pozuntularından fərqlənir.
Bu mövzu ilə bağlı psixoloq Sibel Piriyeva "İnformator.az"a açıqlamasında bildirib ki, bu insanlar ətrafdakıların niyyətlərini düşməncəsinə yozur, incidilməkdən, aldadılmaqdan və ya istismar olunmaqdan hədsiz dərəcədə qorxurlar:
"Paranoid şəxsiyyət pozuntusu olan şəxslərdə bu xüsusiyyətlər müşahidə edilir:
Başqalarına qarşı hədsiz şübhə və inamsızlıq – başqalarının onları aldatmağa və ya onlara zərər verməyə çalışdığına inanırlar.
Gizlilik və ehtiyatlılıq – şəxsi həyatlarını çox məxfi saxlayırlar, çünki məlumatlarının onlara qarşı istifadə ediləcəyindən qorxurlar.
Həssaslıq və kinli olmaq – tənqidi və ya zarafatı ciddi qəbul edirlər, uzun müddət kin saxlayırlar.
Bağışlamamaq – xəyanət və ya ədalətsizliyi heç vaxt unutmurlar.
Aqressiv və mübahisəçi olmaq – tez-tez başqaları ilə münaqişəyə girirlər, tez inciyirlər.
Hədsiz qısqanclıq – xüsusilə romantik münasibətlərdə partnyorunun sadiqliyinə daim şübhə edirlər.
Kompliment və ya yaxşılığa şübhə ilə yanaşmaq – başqalarının yaxşı niyyətinə inanmırlar.
Paranoid şəxsiyyət pozuntusunun yaranmasının müxtəlif səbəbləri var:
Genetik amillər – ailədə bu cür hallar olubsa, risk artır.
Uşaq yaşda travma və ya emosional laqeydlik – erkən yaşlarda etibar hissinin formalaşmaması bu pozuntunun yaranmasına səbəb ola bilər.
Ətraf mühit və sosial faktorlar – xüsusilə uzunmüddətli stres və ya psixoloji travmalar bu problemin inkişafına səbəb ola bilər.
PŞP-nin müalicəsi mümkündür. Psixoterapiya və dərman müalicəsi birlikdə aparıldıqda daha təsirli olur.
Bunu da əlavə edim ki, paranoid şəxsiyyət pozuntusu olan insanlar adətən müalicəyə açıq olmurlar, çünki psixoloqların belə onlara qarşı plan qurduqlarını düşünə bilirlər. Ona görə də onlarla işləmək səbir və xüsusi diqqət tələb edir".
Nigar Həsənzadə