Süni İntellektin Zərərvericilərlə Mübarizədə Rolu

Bölmə: Sosial › ,
Tarix: 22:13 12.03.2025

Kənd təsərrüfatında ən böyük problemlərdən biri məhsullara ciddi ziyan vuran zərərvericilərdir. Bu problemlə mübarizədə illərdir kimyəvi pestisidlərdən istifadə olunur. Lakin həddindən artıq pestisid tətbiqi ekosistemi pozur, torpağı və su mənbələrini çirkləndirir. Son illərdə süni intellekt (Sİ) texnologiyalarının kənd təsərrüfatında tətbiqi bu sahədə yeni bir dövr açıb.

 

İKT Assosiasiyası eksperti Elvin Abbasov "informator.az"a açıqlamasında bildirib ki, süni intellekt hazırda kənd təsərrüfatında zərərvericilər və bitki xəstəlikləri ilə mübarizədə tam həll yolu təqdim etmir:


“Süni intellekt bu sahədə əsasən məlumat təmin edir, lakin yekun və yüz faiz təsirli qərarlar vermək imkanına malik deyil. Bu, təkcə kənd təsərrüfatına deyil, insan sağlamlığı ilə bağlı problemlərə və onların həllinə də aiddir. Süni intellektin təqdim etdiyi məlumatlar əsasən mövcud elmi biliklərə və mənbələrə əsaslanır. Lakin hər ölkənin iqlimi, torpaq tərkibi, su ehtiyatları və bitki yetişdirmə üsulları fərqli olduğu üçün eyni bitki müxtəlif yerlərdə fərqli şəraitdə böyüyür. Buna görə də, kənd təsərrüfatında zərərvericilərlə mübarizə üsulları da ölkədən ölkəyə dəyişir”.

 

Ekspert əlavə edib ki, taxıl Azərbaycanın münbit qara torpaqlarında bir şəkildə yetişdiyi halda, Türkiyədə nisbətən az məhsuldar sarı torpaqda, Misirdə isə tam fərqli iqlim və relyefdə yetişdirilir. Süni intellekt bu fərqləri tam nəzərə almadığı üçün onun tövsiyələri hər bölgəyə uyğun olmaya bilər. Süni intellektdən alınan məlumatlar yalnız bir istiqamətverici vasitə kimi qəbul edilməli, son qərarlar isə insan nəzarəti ilə verilməlidir.

 

Bənövşə Zahidli