Külə dönən həyatlar-Repressiya qurbanları

Tarix: 21:45 12.03.2025
Sovet hakimiyyəti dövründə repressiyalar bir çox insanın həyatını məhv edib, həmçinin cəmiyyətin inkişafına ciddi zərbələr vurub. Bu dövrün repressiya qurbanları müxtəlif sahələrdən olan insanlardır: ziyalılar, siyasətçilər, sənətçilər, şairlər, yazıçılar, kəndlilər və digər müxtəlif sosial təbəqələrdən olan şəxslər.
Mövzuyla əlaqədar tarixçi Qasım Hacıyev "İnformator.az"a açıqlamasında bildirib ki, 30-cu illərin repressiyaları keçmiş SSRİ-də olan bütün xalqların tarixində dərin iz qoyub:
"Repressiyalar hər bir ölkədə fərqli cür həyata keçirilib. Azərbaycanda repressiyalar təkcə 30-cu illərdə deyil, həm də 20-ci illərdə olub. Həmin dövrdə xalqımıza qarşı edilən hərəkətə repressiya deyil, başqa adlar verilirdi. Bu yolla cəmiyyətimizdəki ziyalı, varlı, ortabab və xalqı maarifləndirən təbəqəni məhv edirdilər. Bolşevizm sisteminə tabe etmək onların əsas məqsədi idi. 20-ci əsrin əvvəllərində xalq Sovet hakimiyyətini qəbul edə bilmirdi. Daha sonra Sovet dövründə buna "könüllü yaranmış dövlət" adını qoydular. Güya ki, SSRİ könüllü yaranıb. Amma elə deyil, SSRİ-ni yaratmaq üçün işğalçılıq siyasəti yerinə yetirirdilər. Bir tərəfdən rusların Azərbaycanda möhkəmlənmək istəyi, digər tərəfdən isə ermənilərin azərbaycanlılara qarşı mənfur niyyəti, ərazi iddiaları faktları bir-biri ilə eynilik təşkil etdiyi üçün bu repressiyalar Azərbaycanda 20-ci illərdən başladı və çox böyük nəticələrə yol açdı".
Ekspertin sözlərinə görə, repressiyaların nəticəsində yüzlərlə iş adamı, yazıçılar, mollalar, ortabablar sürgünə və ya ölümə məhkum edildilər:
"O dövrdə savadlı şəxslər ən çox mollalar və ya mirzələr idi. Azərbaycanda din pərdəsi altında gizləniblər deyərək, onlara divan tutdular və ziyalı təbəqəni məhv etdilər. M.Müşfiq və ya digər yazıçılarımız, ziyalılarımız Sovet hökuməti əleyhinə yazmadıqları halda, onlar repressiyanın qurbanı oldular. O dövrdə Sovetlər xalqların milli ruhunu öldürmək, onların mübarizə əzmini birdəfəlik qırmaq üçün bu siyasəti keçirdilər və minlərlə adamı məhv etdilər".
Asiman Vəliyeva