“Elm və Texnologiya Həftəsi”ndə elm mərkəzləri 40 min ziyarətçiyə ev sahibliyi edib

Bölmə: Dünya › ,
Tarix: 12:27 17.03.2025

 

 

Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) 8-14 Mart Elm və Texnologiya Həftəsindəki fəaliyyətləri ilə cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirərkən, elm mərkəzləri 40 min ziyarətçiyə ev sahibliyi edib.

 

Qurumdan verilən məlumata görə, Elm və Texnologiya Həftəsi çərçivəsində keçirilən tədbirlər TÜBİTAK-ın müxtəlif bölmələri tərəfindən təşkil olunub. Tələbələrdən tutmuş alimlərə, sahibkarlardan elmə maraq göstərən hər yaşdan vətəndaşa qədər geniş kütləyə müraciət edən tədbirlər çərçivəsində Türkiyənin hər yerindəki elm mərkəzlərində ictimai seminarlar, elmi şoular, film nümayişləri, konfranslar, poster dizayn müsabiqələri və kənd məktəblərinə səfərlər təşkil edilib. Bundan əlavə, laboratoriya turları, mikroskop tətbiqləri, batareya tədqiqatları, peyk modellərinin hazırlanması, virtual reallıq təcrübələri, raket dizaynı seminarları və xüsusi elmi şoular kimi elmi seminarlar təşkil edilib. Həftə ərzində elm mərkəzlərində 200-dən çox tədbir keçirilib. 

 

İştirakçılar müxtəlif sahələrdə aparılan təcrübə və tədqiqatları müşahidə edərək elm və texnologiyanın inkişaf proseslərini araşdırıblar. TÜBİTAK kosmos-da ziyarətçilər Aya Səyahət oyunu ilə Türkiyənin Ay Missiyası haqqında məlumat əldə edərək interaktiv təcrübə də yaşayıblar. Sözügedən həftə çərçivəsində bu il ilk dəfə Türkiyə daxilində ibtidai və orta məktəb şagirdləri arasında təşkil edilən Ağıllı Laboratoriyalar Rəsm Yarışmasının Mükafat Mərasimi də keçirilib. Müsabiqədə iştirak edən 1029 ibtidai sinif və 759 orta məktəb şagirdinin təqdim etdiyi cəmi 1788 rəsm əsəri arasından 36 əsər sərgilənmək hüququ qazanıb.

 

TRT XƏBƏR

Asiman Vəliyeva