Misir Suriyanın yenidən qurulmasına dəstəyini bir daha ifadə etdi!

Tarix: 20:07 18.03.2025
Misir, Suriyanın sabitliyini və yenidən qurulmasını dəstəkləməkdəki qətiyyətini bir daha vurğulayaraq, Suriya xalqının sülh və ləyaqətli həyat tələblərini dəstəklədiyini bildirib.
Misirin Avropa İttifaqı (Aİ) yanındakı səfiri Əhməd Əbu Zeyd, “X” sosial media hesabında paylaşım edərək qatıldığı Suriyaya dair 9-cu Brüssel Konfransı ilə bağlı açıqlama verib.
Əbu Zeyd bildirib ki, “Misir, Suriyanın sabitliyini, yenidən qurulmasını və xalqının rifahını dəstəkləməyə qətiyyətlidir".
Misir Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Əbu Zeyd konfransa Misirin xarici işlər naziri Bədir Əbdülati adından qatılıb.
Səfir Əbu Zeyd, Suriya xalqının “illərlə davam edən əzab-əziyyətdən sonra sülh, sabitlik və ləyaqətli həyat tələblərini” dəstəklədiklərini vurğulayıb.
Suriyanın yenidən qurulmasına toxunan Əbu Zeyd, bunun yalnız infrastrukturun bərpası ilə məhdudlaşmadığını, eyni zamanda ümidin və yaxşı həyat şəraitinin yenidən təmin edilməsini, eləcə də Suriya xalqının müxtəlif təbəqələri arasında milli barışığın əldə edilməsini əhatə etdiyini bildirib.
Əbu Zeyd əlavə edib ki, “Misir tarix, mədəniyyət və ortaq taleyə əsaslanaraq həmişə Suriyanın yanında olub. Bu gün Misirdə bir milyondan çox suriyalının yaşaması, qardaş Suriya xalqı ilə bu çətin dövrdə həmrəy olduğumuzun başqa bir sübutudur".
Misirli rəsmisi donor ölkələrə səslənərək, suriyalı qaçqınların yaşadığı ölkələrdə ehtiyaclarının ödənilməsi üçün töhfə verməyə çağırış edib.
Əbu Zeyd, Suriyada yenidənqurma səylərinin uğurlu və dayanıqlı olması üçün müəyyən prinsiplərə əsaslanmalı olduğunu qeyd edib.
Bu prinsiplərlə bağlı o vurğulayıb ki, yenidənqurma prosesi siyasi prosesin hərtərəfli və milli olmasına, həmçinin regional dəstək və beynəlxalq koordinasiya çərçivəsində həyata keçirilməsinə əsaslanmalıdır.
Əbu Zeyd, Suriyanın suverenliyi və ərazi bütövlüyünün vacibliyinə diqqət çəkərək, humanitar yardımın təmin edilməsinin və suriyalı qaçqınların ölkələrinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasının təmin olunmasının əhəmiyyətini vurğulayıb.
Avropa İttifaqı tərəfindən təşkil edilən Suriyaya dair 9-cu Brüssel Konfransında, ölkədə keçid prosesinin uğurla başa çatmasını təmin etməyə yönəlmiş ehtiyacların ödənilməsi üçün ümumilikdə 5,8 milyard avro məbləğində öhdəlik götürülüb.
A Haber
Günel Verdiyeva