İsrailin müdafiə naziri Qəzzada fələstinliləri tamamilə məhv etməklə hədələyib

Bölmə: Dünya › ,
Tarix: 22:00 19.03.2025

İsrailin müdafiə naziri Yisrael Katz, Qəzzadakı fələstinlilərin atəşkəsi pozaraq hücumlarına davam etməsindən sonra onları tamamilə məhv etməklə hədələyib.

 

Katz verdiyi açıqlamada, 19 yanvar atəşkəsindən əvvəl olduğu kimi, fələstinlilərin Qəzzadan çıxarılmasını davam etdirəcəklərini bildirib.

 

Qəzzadakı fələstinlilərə xitabən Katz: “Bədəlini tam ödəyəcəksiniz. Məhbusları qaytarın və HAMAS-ı məhv edin. Alternativ isə tamamilə məhv etməkdir”, – deyə təhdid edib.

 

Bunun son xəbərdarlıq olduğunu və hazırkı hücumların yalnız ilk addım olduğunu bildirən Katz, Qəzza xalqının öz evlərindən sürgün ediləcəyini qeyd edib.

ABŞ prezidenti Donald Trampın tövsiyələrinə əməl edilməli olduğunu vurğulayan Katz, İsrailli məhbusların azad edilməməsi və HAMAS-ın Qəzzadan çıxarılmaması halında "İsrailin indiyə qədər tanımadığı qüvvələrlə hərəkətə keçəcəyini" bildirib.

 

İsrail ordusu atəşkəsi pozduqdan sonra Qəzzaya şiddətli hücumları bərpa edib

 

Yanvarın 19-da qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu Qəzza zolağında şiddətli hücumlarını bərpa edib.

 

Martın 18-i səhər saatlarında İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla azı 400 nəfər həlak olub, 600-dən çox fələstinli yaralanıb.

İsrail Baş Nazirlik ofisi verdiyi açıqlamada atəşkəsi pozan İsrailin "artan hərbi güc"lə HAMAS-a qarşı hərəkətə keçəcəyini bildirib.

 

HAMAS isə “İsrail verdiyi vədlərə əməl etməyib və atəşkəsdə vasitəçilik edən ölkələr qarşısında öhdəliklərini yerinə yetirməyərək Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımı bərpa edib” ifadəsini işlədib.

 

Qəzza zolağındakı israilli məhbusların ailələri, atəşkəsin pozulmasından sonra Netanyahu hökumətini “məhbusları tərk etdiyinə” görə tənqid ediblər. İsraildəki müxalifət partiyaları da Netanyahunun daxili kəşfiyyat agentliyinin – Şin-Betin direktorunu işdən çıxarması kimi mübahisəli siyasi addımlarının kölgəsində yenidən hücumlara diqqət çəkib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli