Amerikalıların 60%-i Trampın ticarət siyasətini dəstəkləmir-Sorğu

Tarix: 21:52 31.03.2025
ABŞ-də aparılan sorğuya görə, iştirakçıların 60 %-i prezident Donald Trampın xarici ölkələrlə ticarət danışıqlarındakı mövqeyini bəyənmədiyini bildirib.
Associated Press (AP)-NORC İctimai Əlaqələr Araşdırma Mərkəzinin 20-24 mart tarixlərində keçirdiyi sorğuya 1229 amerikalı daxil olub.
İştirakçılar Trampın prezidentlik dövründəki davranışını, eləcə də qeyri-qanuni immiqrasiya, iqtisadiyyat, ticarət, Rusiya-Ukrayna müharibəsi və İsrail-Fələstin məsələsi kimi müxtəlif siyasətlərə münasibətini qiymətləndiriblər.
Müvafiq olaraq, iştirakçıların 49 %-i Trampın qeyri-qanuni immiqrasiya siyasətini dəstəklədiyini, 50 %-i isə dəstəkləmədiyini bildirib.
İştirakçıların 54 %-i Trampın İsrail-Fələstin məsələsində mövqeyini bəyənmədiyini, 44 %-i isə bəyəndiyini bildirib.
Digər tərəfdən, müxtəlif ölkələr Trampın tarif qərarlarına reaksiya verərkən, iştirakçıların 60 %-i ABŞ prezidentinin digər ölkələrlə ticarət danışıqlarındakı mövqeyini bəyənmədiklərini, 38 %-i isə bəyəndiklərini ifadə edib.
Bundan əlavə, iştirakçıların 56 %-i Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini dəstəkləmədiyini, 41 %-i isə dəstəklədiyini bildirib.
Sorğunun nəticələri göstərib ki, respondentlərin 56 %-i ümumiyyətlə Trampın prezident administrasiyasını bəyənmir, 42 %-i isə bəyənir.
Mənbə: TRT Haber
Məhərrəmli Xədicə