Tramp Putinə əsəbiləşib

Tarix: 23:28 01.04.2025
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətinin legitimliyini şübhə altına almasını eşidəndə çox əsəbiləşib. Bundan əvvəl Putin Ukraynada Zelenskini effektiv şəkildə vəzifədən uzaqlaşdıra biləcək keçid hökumətinin yaradılmasına çağırıb.
“Əgər biz Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək və bunun Moskvanın günahı olduğunu düşünsəm, bu ölkədən gələn bütün neftlərə ikinci dərəcəli rüsumlar tətbiq edəcəm”.
O, aydınlaşdırıb ki, bu halda Rusiya neftini alanlar ABŞ-da bizneslə məşğul ola bilməyəcəklər. “Bütün neftə 25-50 faizlik tarif tətbiq olunacaq”.
Mövzuyla əlaqədar politoloq Aytən Qurbanova “informator.az”a açıqlamasında bildirib ki, Ukraynada atəş səslərinin qısa müddətdə dayandırılması ilə bağlı Trampın verdiyi vədlərin heç biri özünü doğrultmayıb:
“İlk mərhələdə Ağ Evdə Rusiya ilə eyni mövqedən çıxış edilərək bu vədlərin reallaşacağına dair inam olsa da, hadisələrin inkişaf xronikası bariz şəkildə göstərdi ki, Rusiyanın tələbləri Trampın gözləntilərindən çox fərqlidir. Eləcə də, Putinin ritorikasından çıxış edərək Zelenskinin hakimiyyətinin legitimliyinin sorğulanması ABŞ-Avropa qarşıdurmasını daha da kəskinləşdirməkdən başqa heç bir təsirə malik olmadı. Ona görə də, ehtimal olunan ABŞ-Rusiya “əməkdaşlığının” mümkünsüzlüyü bir daha təsbit edildi. Bu gün Zelenskinin hakimiyyətinə son qoyulmasında israr edən Rusiyaya münasibətdə sanksiyaların sərtləşdirilməsinə dair təhdidlər artmağa davam edir. Amma düşünmürəm ki, indiki mərhələdə yeni sanksiyalar paketinin qəbul edilməsi hər hansı formada proseslərdə köklü dəyişikliyə səbəb olsun. Bu müharibənin ilkin mərhələsində tətbiq edilsəydi, təsirli ola bilərdi. Hazırda sanksiyaların Rusiya üzərində təzyiq vasitəsi olaraq istifadə edilməsi ancaq qısamüddətli atəşkəs ehtimalını mümkün edə bilər. Amma onun davamlılığına zəmanət ola bilməz”.
Asiman Vəliyeva