Səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb

Bölmə: Siyasət › ,
Tarix: 16:58 01.04.2025

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Almaniya kimi özünü Avropanın aparıcı ölkəsi sayan dövlətin prezidentinin sosial media hesablarını peşəkarlar idarə etməlidir:

 

“Əgər doğurdan da bu texniki səhv nəticəsində baş verib və Almaniya prezidenti Ştaynmayerin sosial media hesabında Azərbaycanın ərazi bütövlüyü şəraitində şübhələndirən paylaşım yer alıbsa, bu mövzuda böyük bir məsuliyyətsizlik var. Həmçinin eyni zamanda Almaniya prezidentinin sosial media hesablarının idarə edilməsində qeyri-peşəkar kadrların olduğunun göstəricisidir. Hər bir halda hesab edirəm ki, Almaniya prezidentinin Ermənistana səfərindən sonra bu paylaşımı həyata keçirən prezidentin kommunikasiyası komandası ilə bağlı sərt qərarlar verilməlidir. Almaniyada ermənipərəst dairələr və antiazərbaycan qüvvələrin də olduğunu nəzərə alaraq bu paylaşımın qərəz olmaq ehtimalları çoxdur. Həm də mediada yayılan məlum məlumatdan biz görürük ki, Almaniyanın Bakıdakı səfiri R.Horleman Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra üzr istəyib amma bu üzr məsələni həll etmir. Dövlətlərarası qalmaqal yarananda mütləq şəkildə burda publik üzrxahlıq olmalıdır. Bu baxımdan istəyərdim ki, Almaniya prezidenti Ştaynmayerin adından publik şəkildə qondarma bayrağının Almaniya prezidentinin sosial media hesabında olmasına görə üzrxahlıq edilsin. Həmçinin son illərdə Almaniya və Azərbaycan arasında güclü münasibətlər formalaşıb və bu baxımdan da münasibətləri korlaya biləcək addımlardan Almaniya uzaq durmalıdır”.

 

Aysel Mirzəyeva