Ermənistanın kəşfiyyat uçuşları sərhəddə gərginliyi artırır

Bölmə: Siyasət › ,
Tarix: 19:27 01.04.2025

 

Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri Qerenzur istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində üç dəfə kəşfiyyat uçuşu həyata keçirməyə cəhd edib.

 

Mövzu ilə bağlı hərbi ekspert Heydər Mirzə "informator.az"a açıqlamasında bildirib ki, son günlər Ermənistan tərəfindən sərhəddə baş verən təxribatlar məqsədyönlü xarakter daşıyır.

 

Sərhəddə ümumi vəziyyət

 

Ekspertin sözlərinə görə, son dövrlərdə Ermənistanın sərhəd boyunca atəşkəsi pozması və kəşfiyyat xarakterli uçuşlar həyata keçirməsi intensivləşib. O qeyd edib ki, bu cür hallar təsadüfi deyil və müəyyən dairələrin sülh prosesinə mane olmaq cəhdləri ilə əlaqədardır.

 

"Azərbaycan tərəfi hər zaman sülh müqaviləsinin imzalanması üçün açıq mövqe sərgiləyib. Lakin biz görürük ki, hər dəfə bu prosesdə irəliləyiş əldə olunanda Ermənistan təxribatlara əl atır. Son hadisələr də bunun bir nümunəsidir", – deyə Heydər Mirzə vurğulayıb.

 

Kəşfiyyat uçuşlarının məqsədi nədir?

 

Ermənistanın pilotsuz uçuş aparatlarından istifadəsinə toxunan hərbi ekspert bildirib ki, bu, düşmən tərəfin Azərbaycan Ordusunun mövqeləri barədə məlumat toplamaq məqsədindən irəli gəlir.

 

"Onlar bu vasitə ilə bizim mövqelərimizi müəyyənləşdirməyə və hərbi planlamalarına əsas yaratmağa çalışırlar. Lakin Azərbaycan Silahlı Qüvvələri buna qarşı adekvat tədbirlər görür və belə hallara operativ reaksiya verir", – deyə o qeyd edib.

 

Azərbaycan Ordusu hansı tədbirləri görür?

 

Heydər Mirzənin sözlərinə görə, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün yüksək səviyyədə hazırlıqlıdır.

 

"Ordumuzun hava hücumundan müdafiə sistemləri və texniki imkanları kifayət qədər güclüdür. Ermənistanın belə cəhdləri dərhal nəzarət altına alınır və zərərsizləşdirilir. Bütün bunlar göstərir ki, Azərbaycan bölmələri tam sayıqlıqla xidmət aparır", – deyə ekspert əlavə edib.

 

Təxribatların intensivliyi artır?

 

Hərbi ekspertin sözlərinə görə, son dövrlərdə Ermənistanın sərhəd xəttində təxribatlarının artdığı müşahidə olunur.

 

"Bu, yeni bir hal deyil. 2020-ci ildən sonra hər dəfə sülh danışıqlarında irəliləyiş əldə olunanda sərhəddə gərginlik yaradılır. Bu, təsadüfi deyil, Ermənistanın və ona dəstək verən qüvvələrin məqsədli addımlarıdır", – deyə Heydər Mirzə bildirib.

 

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan Ordusu sərhəd boyunca təhlükəsizliyi tam nəzarətdə saxlayır və Ermənistanın təxribatları növbəti dəfə uğursuzluqla nəticələnib.

 

Gülhüseynova Güllər