“Amerikanın İrandan tələbi: İran nüvə proqramını dayandırsın” -Politoloqdan ŞƏRH

Tarix: 19:53 01.04.2025
İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın məktubuna cavab verib.
Pezeşkian bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.İran dövlət başçısı Trampın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar təklifini rədd etdiyini, lakin danışıqlar yolunun hələ də açıq olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “informator.az”a açıqlamasında bildirib ki, Trampın İran liderinə göndərdiyi məktubda tələb olunurdu ki, İran nüvə proqramının dayandırılması ilə bağlı Amerikanın şərtləri əsasında masaya otursun:
“İran tərəfi isə məhz təzyiq altında danışıqlar masasında oturmayacağını bəyan edib. ABŞ Prezidenti də İranın bu mövqeyindən narazı qalaraq, İran razılaşmayacağı təqdirdə İrana qarşı sərt tədbirlərin görüləcəyini bildirib. Trampın siyasətinin əsas strategiyası təzyiq və gücdən ibarətdir. O, bunlardan istifadə edərək, öz istəklərinə nail olur. Bu da bir çox ölkələrin , o cümlədən İranın da qəbul etmədiyi variantdır. Amerika tərəfi də sonuna qədər İranı danışıqlar masasına oturtmağa çalışacaq. Əks halda , Amerika da İrana qarşı savaş hazırlıqlarına başlayacaq , hətta başlayıb.
Hind okeanındakı Amerika bazalarında artıq hərəkətlikdə mövcuddur. Orada 2 təyyarə daşıyan gəmidə hazırda növbə çəkməkdədir. Bundan əlavə, bir-iki nüvə başlığı daşıyacaq təyyarələr də bölgəyə gətirilib. Yəni İran tərəfi də özünün raket sistemlərini nümayiş etdirməklə, savaşa hazır olduğunu göstərir. Amma tərəflər sonda masaya oturmaq variantına daha çox üstünlük verəcək.
Əgər Amerika tərəfi bu əməliyyata başlasa, dünyada eskalasiyaya səbəb olacaq. Amerika bunu təkbaşına da , İsrail vasitəsilə də edə bilər”.
Politoloq, ABŞ-İran münasibətlərinin gərginliyinin səbəblərin də açıqlayıb:
"Amerika tərəfinin İrandan tələbi odur ki, İran nüvə proqramını dayandırsın. Yaxın Orta Şərqdəki dəstəklədiyi və on milyardlarla vəsait xərclədiyi silahlı qüvvələri dəstəkləməkdən imtina etsin. İran isə buna hazır deyil. Ona görə də Amerika mümkün qədər İranı zəiflətməklə və Yaxın Orta Şərqdən sıxışdırmaqla, həm özünün , həm də İsrailin maraqlarını , təhlükəsizliyinin təmin olunmasına çalışacaq”.
Kəmalə Vəliyeva