Ermənistanın Sülh Təşəbbüsləri və Qarşıdurma Təhlükəsi

Bölmə: Siyasət › ,
Tarix: 21:10 01.04.2025

“İrəvan Bakı ilə sülh sazişinin imzalanması istiqaməti işində ardıcıldır və inanır ki, mövcud və aradan qaldırılacaq çətinliklər danışıqlar masasında həll edilə bilər. Respublika Prezidenti onu da vurğuladı ki, müharibələr, münaqişələr dövrü keçib, Cənubi Qafqazda artıq yeni müharibələr üçün resurslar yoxdur” bu sözləri Ermənistan prezidenti Vaaqn Xaçaturyan Almaniya prezidenti Frank-Valter Staynmayerlə birgə mətbuat konfransında İrəvanla Bakı arasında sülh sazişinin imzalanması məsələsinə toxunaraq bildirib. 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib ki, dövlət rəsmiləri səviyyəsində onlar sülhdən danışasalar da, reallıq başqadır:

"Ermənistan prezidenti yenidən Ermənistanı “sülh göyərçini” kimi göstərməyə cəhd edir. Son zamanlar biz görürük ki, Ermənistanda “sülh” ritorikası geniş yayılmaqdadır. Sülh sazişinin razılaşdırılmayan 2 maddəsinin razılaşdırıldığını elan edərək, özlərini sülhün təşəbbüskarı kimi nümayiş etdirirlər. Amma reallıq ondan ibarətdir ki, biz Ermənistanın əsl niyyətinə bələd deyilik. Zamanında da Ermənistan tərəfi sülhdən danışa-danışa Azərbaycana qarşı destruktiv fəaliyyət nümayiş etdirmişdir. Elə mart ayının 16-dan 21-dək, eləcə də, martın son günlərində şərti sərhəddə baş verən təxribatlar Ermənistanın sülh güdmədiyini göstərir. Daxildəki revanşistləri, silahlanmanı nəzərə alaraq, bilməliyik ki, Ermənistan bu gündə, gələcəkdə də Cənubi Qafqazda təhdid olaraq qalacaq. Biz hər zaman Paşinyanın hakimiyyətdə qalacağına əmin ola bilmərik. Bu gün Paşinyana qarşı müxalifət güclü müqavimət göstərir və onun nüfuzu azalmaqdadır. Əgər Paşinyan hakimiyyətdən gedəcəksə, onun yerinə böyük ehtimalla, qatı revanşistlər gələcək ki, bu da sülh məsələsini ciddi şəkildə təhdid edir. Dövlət rəsmiləri səviyyəsində onlar sülhdən danışasalar da, reallıq başqadır. Reallıq onu göstərir ki, sülh üçün hələ də fundamental zəmin hazırlanmayıb. Bu zəminin təmin olunması üçün Ermənistan konstitusiyası dəyişməlidir, Ermənistan cəmiyyətində türk millətinə qarşı olan fobiya aradan qalxmalıdır, Ermənistanın intensiv millitarizasiya siyasətinə son verilməlidir".

 

Siyasi şərhçi iki ölkə arasında qarşıdurma məsələsinə də toxunub: 

 

"Baş verən təxribatlar eskalasiya riskini artırır. Azərbaycan tərəfi hər nə qədər ermənilərin təxribatlarına uymasa da, Ermənistanın ölkəmizə qarşı etdiyi qəsdlərin həmişə qarşısını almağa hazırdır. Konkret aprel ayında eskalasiya olacağını deyə bilmərik, amma belə bir risk mümkündür".

 

Günel Verdiyeva