Çin ABŞ tarifləri ilə bağlı əks tədbirlər görəcək

Tarix: 21:24 04.04.2025
Pekin Vaşinqtonun Çin mallarına rüsumları artırmasını qəti şəkildə pisləyir, onun maraqlarını və hüquqlarını qorumaq üçün əks tədbirlər görəcəyini vəd edir.
Bu məsələ ilə bağlı iqtisadçı Altay İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, Çinin Amerikada satdığı məhsulların qiyməti artacaq:
"Amerikanın Çinə və digər ölkələrə tətbiq etdiyi bu məhdudlaşdırıcı siyasət ticarət müharibəsinin bir hissəsidir. Ən çox istifadə olunan vasitə gömrük vergisidir və bu, bir növ silah kimi istifadə olunur. Gömrük vergisinin tətbiqi Çinin iqtisadiyyatı üçün vacib məsələdir. Çünki Çinin xarici ticarətində Amerikanın xüsusi yeri var. Bu halda Çinin Amerikada satdığı məhsulların qiyməti arta bilər.
Qlobal bazarda məhsullara qoyulan əlavə idxal vergiləri məhsulların qiymətini artıracaq. Məhsulların qiyməti artdığına görə bu məhsullara tələb bir qədər azalacaq. Çin yeni bazarlar axtarışına çıxacaq. Belə çətinliklər isə Çinin daha da güclənməsinə gətirib çıxara bilər.
Dünya iqtisadiyyatında müxtəlif növ məhsulların qiymətlərinin müxtəlif bazarlarda artması, qlobal iqtisadiyyatda qiymət artımı tendensiyasına təsir edəcək. İdxal vergisi tətbiq edilməyən ölkələr üçün bu bir fürsət ola bilər. Onlar Çin məhsulları ilə rəqabətdə bir addım önə çıxa bilərlər".
Məhərrəmli Xədicə