NATO-nun baş katibi nüvə təhlükəsizliyinə dair əminlik ifadə edib

Bölmə: Siyasət › ,
Tarix: 12:21 05.04.2025

Almaniya, Polşa və Fransa liderlərinin ABŞ tərəfindən təmin edilən müdafiə zəmanətlərindən əlavə olaraq nüvə çətirinin genişləndirilməsinin zəruriliyinə dair bəyanatlarına cavab olaraq, NATO-nun baş katibi Mark Rutte Vaşinqtonun öhdəliklərinin dəyişməzliyinə inandığını bildirib. “ABŞ senatoru Marko Rubio bu həftə Prezident Donald Trampın televiziya çıxışında səsləndirdiyi fikirləri təkrarlayıb: ABŞ NATO-ya və blokun Nizamnaməsinin 5-ci maddəsinə tam sadiqdir",– deyə Mark Rutte qeyd edib. O, əlavə edib ki, bu, ABŞ-nin nüvə çəkindirmə siyasəti vasitəsilə NATO ərazisinin, xüsusilə də təşkilatın Avropa hissəsinin əsas təhlükəsizlik təminatçısı olduğunu göstərir.

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, beynəlxalq siyasi nizam dəyişməkdədir. Onun sözlərinə görə, Donald Trampın yenidən hakimiyyətə gəlməsi fonunda dünya ölkələrində ciddi proseslər baş verir.

 

Politoloq qeyd edib ki, ABŞ artıq Avropanın təhlükəsizliyi üçün əvvəlki qədər maliyyə resursu ayırmaq istəmir və bu məsuliyyəti NATO üzvlərinin özləri üzərinə götürməsi tələb olunur:

 

"Bu baxımdan, Avropa ölkələri müdafiə büdcələrinə daha çox vəsait ayırmalıdırlar. Elə bir vəziyyət yaranıb ki, Avropa liderləri Trampın gələcəkdə onları yarı yolda qoya biləcəyini anlayırlar. Buna görə də Ukrayna, Almaniya və Böyük Britaniya Avropanın təhlükəsizliyini təmin edə biləcək yeni və güclü bir alyans yaratmağa çalışırlar. Bu təşəbbüsün gerçəkləşmə ehtimalı da kifayət qədər yüksəkdir. Böyük Britaniya və Fransanın iqtisadi potensialı isə bu prosesə əlavə güc verir”, – deyə Həsənov vurğulayıb.

 

Politoloqun fikrincə, Donald Trampın siyasəti ABŞ-ın beynəlxalq nüfuzuna ciddi təsir göstərə bilər:

 

“Necə ki, Qarbaçovun siyasəti SSRİ-nin süqutuna səbəb oldu, Tramp da Amerika üçün oxşar təhlükə yarada bilər. NATO üzvləri anlayırlar ki, əgər Tramp bu siyasi kursu davam etdirərsə, ABŞ NATO-dan çəkilə bilər. Trampın qərarları ardıcıl deyil – bu gün dediyini sabah inkar edə bilər".

 

Aygün Babayeva