Trampın Miqrasiya Siyasəti: Qanunsuz Miqrantlara Qarşı Sərt Addımlar

Bölmə: Siyasət › ,
Tarix: 21:14 08.04.2025

ABŞ-də miqrasiya siyasəti yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Donald Trampın siyasi səhnəyə qayıdışı və sərt ritorikası ölkəyə axın edən miqrantlarla bağlı yeni qərarların anonsunu verib. Xüsusilə Latın Amerikasından, o cümlədən Venesueladan gələn qanunsuz miqrantların deportasiyası ilə bağlı mövqelər gündəmə daşınıb.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Tramp administrasiyası ölkəyə gələn qanunsuz miqrantlara qarşı sərt siyasət yürütməkdə israrlıdır.

 

Ekspertin sözlərinə görə, Tramp və onun komandası düşünür ki, ABŞ amerikalılar üçündür və miqrantların axını xalqın iş yerləri və gəlirləri ilə birbaşa rəqabət yaradır:

 

“Trampın fikrincə, miqrantlar xüsusilə demokrat seçiciləri kimi qəbul olunur və bu səbəbdən siyasi məqsədlərlə dəstəklənirlər. Lakin onun administrasiyası bu prosesi dayandırmaq və miqrant axınının qarşısını almaq üçün ciddi addımlar atmağa hazırdır”.

 

O bildirib ki, ABŞ selektiv miqrasiya siyasətinə üstünlük verir. Yəni, təhsilli, cəmiyyətə adaptasiya ola biləcək və faydalı hesab edilən şəxslərin saxlanılması, digərlərinin isə deportasiyası nəzərdə tutulur.

 

“Bu prosedurlar, əsasən, miqrantlar içərisində seçim aparmaq, faydalı hesab edilməyənləri ölkədən çıxarmaq məqsədi daşıyır”, – deyə politoloq əlavə edib.

 

Əli Mustafa həmçinin qeyd edib ki, hazırda ABŞ-də miqrasiya axınının böyük hissəsini Latın Amerikasından, xüsusilə də Venesueladan olan şəxslər təşkil edir:

 

“Tramp administrasiyası bu axını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir. Əgər onun siyasi mövqeyi qüvvədə qalarsa, bu siyasət davam edəcək və digər regionlardan olan qanunsuz miqrantlara da təsir edəcək”.

 

Gülhüseynova Güllər