ABŞ-İran gərginliyi Cənubi Qafqazda yeni təhlükələr yarada bilər

Bölmə: Siyasət › ,
Tarix: 21:46 08.04.2025

ABŞ-nin İranı hədəfə alacağı ehtimalı Cənubi Qafqazda, xüsusilə də, Azərbaycan-Ermənistan münasibətlərində yeni gərginlik yarada bilər. İranla sərhəddə yerləşən Azərbaycan bu vəziyyətdə həm təhlükəsizlik, həm də diplomatik baxımdan həssas mövqedədir. Ermənistan isə bölgədəki qeyri-sabitlikdən öz xeyrinə istifadə etməyə çalışa bilər. 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib ki, sözsüz ki, İranın zəifləməsi Ermənistanın Azərbaycanın şərtlərini və tələblərini daha tez yerinə yetirməsinə, “ipə-sapa yatmasına” səbəb ola bilər:

 

"ABŞ-nin İranı hədəf almaq ehtimalı bütün regionu, o cümlədən, Yaxın və Orta Şərqi qarışdıra bilər. Çünki aydın məsələdir ki, İranın hər nə qədər imkanları zəif olsa da, ətrafında ABŞ bazaları yer alsada, ölkənin canlı resurs baxımından öz gücü vardır. ABŞ-nin İranı vurması İranın buna cavab verməsinə və böyük eskalasiyaya gətirib çıxaracaqdır. Düşünürəm ki, Cənubi Qafqaz da mənfi mənada təsir görəcəkdir. Belə hal baş verərsə, İranda anarxiyanın hökm sürməsi, əhalinin Qafqaza köçməsi baş verə bilər. Bu da ticari əlaqələrə, neft-qaz ticarətinə təsir edir. 

 

Siyasi şərhçi bu qarşıdurmanın Azərbaycan-Ermənistan sülh prosesinə təsirlərindən də danışıb:

 

"Təbii ki, bu Azərbaycan-Ermənistan sülh prosesinə də təsirsiz ötüşməyəcək. Aydındır ki, artıq bu proses arxa fonda qalacaq. Çünki daha böyük təhdid var: ABŞ-İran qarşıdurması. Bunun mənfi təsirləri həm Azərbaycana, həm də Qafqaz regionuna olacaq. Ona görə, həmin vaxt nə Azərbaycan, nə də Ermənistan sülh prosesinə fokuslana bilməyəcəklər. Sözsüz ki, İranın zəifləməsi Ermənistanın Azərbaycanın şərtlərini və tələblərini daha tez yerinə yetirməsinə, “ipə-sapa yatmasına” səbəb ola bilər. Amma bilməliyik ki, İranın zəifləməsi hansı kontekstdə baş verəcək. Bu zəifləmə növbəti regional və ya qlobal müharibəni özü ilə gətirəcək, yoxsa müəyyən hərbi təzyiqlər vasitəsilə İran artıq əvvəlki imkanlarından məhrum olacaq. Çünki genişmiqyaslı hərbi eskalasiya ssenarisi zamanı dünya müharibəsi riski belə artdığına görə Ermənistan məsələsi xeyli arxa fonda olacaqdır".

 

Günel Verdiyeva