Rusiya: ABŞ-nin tarif siyasəti Dünya Ticarət Təşkilatının əsas qaydalarını pozur

Tarix: 21:38 09.04.2025
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ-nin tarif siyasəti Dünya Ticarət Təşkilatının (DTT) əsas qaydalarını pozur. “Bu, Vaşinqtonun artıq beynəlxalq ticarət hüququna bağlı qalmaq istəmədiyini göstərir",- deyə o qeyd edib.
Zaxarova, paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.
“Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, iştirak edəcəyi Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində xarici həmkarları ilə Ukrayna böhranı ilə bağlı görüşlər keçirəcəkmi? Ukraynanın xarici işlər naziri foruma qatılarsa, Lavrov onunla görüşə bilərmi?” sualına cavab verən Zaxarova bildirib ki, Lavrovun forum çərçivəsində keçirəcəyi ikitərəfli görüşlərin qrafiki hələ hazırlanma mərhələsindədir.
Zaxarova qeyd edib ki, bütün ikitərəfli görüşlərdə Ukraynadakı vəziyyət gündəmə gələcək: “Lakin yalnız Ukrayna böhranı ilə bağlı ayrıca görüşün planlaşdırılıb-planlaşdırılmadığı barədə məndə məlumat yoxdur. Ukrayna tərəfdən bu barədə heç bir müraciət daxil olmayıb. Türkiyənin xarici işlər naziri və foruma qatılacaq digər ölkələrin nazirləri ilə görüşlər hazırlanır".
ABŞ-nin tarif siyasətinə münasibət bildirən Zaxarova deyib: “Son vaxtlar ABŞ-nin tariflərlə bağlı qəbul etdiyi qərarlar DTT-nin əsas qaydalarını pozur. Bu isə Vaşinqtonun artıq beynəlxalq ticarət hüququna sadiq qalmaq istəmədiyini göstərir. ABŞ birtərəfli qaydada tariflərlə müdafiə siyasətini seçib".
Zaxarova, ABŞ ilə Çin arasında davam edən “tarif” savaşına da toxunaraq deyib: “Qlobal iqtisadi artımın yavaşlamasına və istehlakın azalmasına səbəb olan istənilən amil bir çox beynəlxalq proseslərə mənfi təsir göstərir. Əgər söhbət dünyanın iki ən böyük iqtisadiyyatından gedirsə, vəziyyət daha da narahatedici olur".
Zaxarova, 6 aprel tarixində Fransanın Paris-Şarl de Qoll Hava Limanında Rusiya Xarici İşlər Nazirliyinin bir əməkdaşının saxlanıldığını bildirib. Bu səbəbdən Fransanın Moskvadakı səfiri Nikola de Rivyer Xarici İşlər Nazirliyinə çağırılıb.
O qeyd edib: “Səfirə hadisə ilə bağlı etiraz notası təqdim edildi. Atılan addımlardan sonra əməkdaşımızın ölkəyə girişinə icazə verildi. Lakin o, bir gün hava limanında gözləməli oldu. Bu hadisəni cavabsız qoymayacağıq".
Zaxarova, Ukraynada xarici hərbi qüvvələrin yerləşdirilməsi ehtimalını dəyərləndirərək bildirib: “Ukraynada bayrağından və missiyasından asılı olmayaraq, istənilən xarici hərbi qüvvə Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndiriləcək. Bu isə NATO hərbçiləri ilə birbaşa qarşıdurma riski yaradır".
O əlavə edib ki, ABŞ ilə əldə edilən razılaşmaya baxmayaraq, Ukrayna Rusiyanın enerji infrastrukturuna hücumlarını davam etdirir: “Ukrayna ordusu 4-7 aprel tarixlərində Rusiyanın müxtəlif bölgələrində yerləşən enerji obyektlərinə 32 dəfə hücum edib".
Zaxarova, Rusiyanın enerji infrastrukturlarına hücumları qadağan edən razılaşmaya əməl etdiyini də vurğulayıb.
18 mart tarixində ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra Rusiya və Ukraynanın 30 gün ərzində enerji obyektlərinə hücumları dayandırmaq barədə razılığa gəldiyi bildirilib.
Kremlin, bu razılaşma çərçivəsində həm Rusiyada, həm də Ukraynada neft emalı zavodlarına və enerji kəmərlərinə hücumların dayandırılacağını açıqlayıb.
TRT XƏBƏR
Günel Verdiyeva