Azərbaycan və Qazaxıstan maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Tarix: 22:18 09.04.2025
Görüş zamanı Qazaxıstan agentliyinin sədri maliyyə sabitliyinin təmin olunması, bank və sığorta nəzarəti sahəsində tətbiq olunan yanaşmalar, həmçinin maliyyə bazarlarının tənzimlənməsi istiqamətində ölkəsinin təcrübəsi barədə ətraflı məlumat verib.
Bu məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan Qazaxıstanın rəqəmsallaşma layihələrindən təcrübə olaraq faydalana bilər:
"Qazaxıstan və Azərbaycan mərkəzi bankları arasında təcrübə mübadiləsi mümkündür. Görüşdə də qeyd edildiyi kimi, Azərbaycan tərəfi özünün yaratdığı maliyyə sabitliyinə necə nail olduğunu Qazaxıstan Mərkəzi Bankının nümayəndələrinə təqdim edib. Qazaxıstan isə Azərbaycana nisbətən maliyyə sektoru, bank əməliyyatları və digər sahələri daha geniş şəkildə rəqəmsallaşdıra bilib. Həmin görüşdə rəqəmsallaşdırma sahəsində həyata keçirilən layihələr təqdim olunub.
Azərbaycanda rəqəmsallaşma prosesi nisbətən ləng gedir. Hələlik virtual manat mövcud deyil, lakin Qazaxıstan artıq virtual təngəni tətbiq edib. Bu görüş iki ölkənin maliyyə proseslərini idarə edən mərkəzi banklar arasında əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və bunun fəaliyyətlərə tətbiqi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlığın nəticələrini yaxın zamanlarda müşahidə edə bilərik.
Azərbaycan Qazaxıstanın rəqəmsallaşma sahəsindəki layihələrindən təcrübə kimi faydalana bilər. Digər tərəfdən, Qazaxıstanda maliyyə sabitliyi ilə bağlı müəyyən problemlər mövcuddur. Bu baxımdan, Qazaxıstan da Azərbaycanın bu sahədəki təcrübəsindən yararlana bilər. Lakin Qazaxıstan, Azərbaycanın hökumətinin yaratdığı maliyyə sabitliyi və milli valyutanın kurs sabitliyi konsepsiyasını tam şəkildə tətbiq etməyə bilər.
Bu əməkdaşlığın faydalarını vətəndaşlar dərhal hiss etməyə bilər, lakin professional səviyyədə əhəmiyyətli nəticələr verəcəksə, biz bunu zamanla müşahidə edəcəyik".
Məhərrəmli Xədicə