Bakıda Azərbaycan və İran arasında ortaq layihələr müzakirə edilib

Tarix: 22:41 09.04.2025
8 aprel tarixində Baş nazirin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası Azərbaycan həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran həmsədri Fərzanə Sadeqlə görüşüb.
Mövzu ilə bağlı “informator.az”a iqtisadçı Akif Nəsirli bildirir ki, Azərbaycan həmişə qonşu dövlətlər ilə bərabərhüquqlu, ikitərəfli münasibət həm siyasi, həm də iqtisadi əlaqələr qurmağa açıq olan bir ölkədir:
“İran bizim ən böyük quru sərhədimiz olan və kənd təsərrüfatı məhsullarını Azərbaycana idxal edən ölkədir. Ola bilsin ki, bu istiqamətdə ticarət əlaqələrinin daha da genişləndirilməsi, vergi və rüsum məsələlərinin müəyyən qədər yumşaldılması barədə müzakirələr aparılıb. Hazırda Azərbaycan ilə İranın davam edən iki ən böyük layihəsi mövcuddur. Layihə hətta işğal dönəmində başlanıb. Bu Qız qalası və Xudafərin bəndləridir. Həmin bəndlərin açılış mərasimində Azərbaycan prezidenti ilə İbrahim Rəisinin görüşü oldu. Açılış mərasimindən qayıdan zaman İbrahim Rəisinin helikopteri qəzaya uğradı və həlak oldu. Həmin hər iki layihə erməni işğalı altında olarkən başlayıb. Amma layihənin başlanması barədə İran Azərbaycandan razılıq alıb. Bu layihənin birinci hissəsi İ.Əliyev və İ.Rəisinin görüşü zamanı istifadəyə verildi. Amma su bəndi kimi istifadənin imkanlarından hələlik İran istifadə edir. Lakin o layihə hələ də davam edir. Həmin bəndlər üzərində su -elektrikstansiyasının qurulmağı müzakirə edilir. Həmin görüşdə Azərbaycandan Naxçıvana yaşıl elektrik enerjisi ötürülməsi üçün kabel çəkilişi məsələsidə müzakirə olunub. İran ərazisindən keçməklə Naxçıvan Azərbaycana yaşıl elektrik enerjisi ötürəcəkdir. Həmçinin İran və Azərbaycan arasında Ağbənd ərazisində Araz üzərindən körpü inşa edilir. Həmin körpü vasitəsi ilə nəqliyyat vasitələri rayon ərazisinə keçəcək və İrandan təxminən 57km məsafəni qətt edərək Naxçıvana çatacaq”.
Aysel Mirzəyeva