Bir neçə ölkə Qəzzadan olan qaçqınları qəbul etməyə hazırdır-Netanyahu

Bölmə: Siyasət › ,
Tarix: 19:38 10.04.2025

 

2023-cü il oktyabrın 7-də İsrail ilə Həmas arasında başlayan müharibə hələ də həllini tapmayan problemi gündəmə gətirib.

 

Mövzu ilə bağlı “informator.az”a politoloq Züriyə Qarayeva bildirir ki, Qəzza zolağında sıxışıb dünya ilə əlaqəsi kəsilən Fələstin xalqı yaşadıqları ölkənin hər qarışının bombalanması nəticəsində məcburi köçkünə çevrilmək məcburiyyətində qalıb:

 

"Yaşayış yerlərini tərk edərək ölkələrinin müxtəlif bölgələrinə köç edən bu kütlə iki sərhəd ölkəsinə quru yolu ilə keçə bilməyib və münaqişənin mərkəzində yaşamağa məcbur olub. 1949-cu ildə yaradılan və əsas missiyası fələstinli qaçqınlar üçün qanuni mandat kimi çıxış edən Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bölgədəki qaçqınların müdafiəsini təmin edə bilmədi. Bölgədə Osmanlı hakimiyyətinin son illərində başlayan Fələstin məsələsi təxminən 150 ildir davam edir. Qaçqınların müdafiəsinə yönəlmiş səylər təkcə fiziki təhlükəsizliyin təmin edilməsi ilə məhdudlaşmır. Qaçqınların müdafiəsi ilə bağlı prinsiplərə insan hüquqlarının əsasını təşkil edən iqtisadi, sosial və mədəni hüquqların müdafiəsi də daxildir. Bu kontekstdə qaçqın hüququnun ən təməl sənədlərindən biri olan 1951-ci il Cenevrə Konvensiyası qaçqınlar üçün minimum sığınacaq səviyyəsi, təhsil, işləmək hüququ və əsas ictimai xidmətlərə çıxış kimi hüquqları müəyyən edir. Qaçqın statusu müxtəlif hüquq pozuntularına məruz qalmış və müdafiəyə müraciət edən şəxslər üçün müvəqqəti müdafiə təmin etsə də, müdafiə mexanizmləri yaradılarkən uzunmüddətli həll yollarının işlənib hazırlanması beynəlxalq ictimaiyyətin priorietləri sırasında olmalıdır. Bu həll yollarına qaçqınların öz ölkələrinə təhlükəsiz qayıtmasına imkan yaratmaq (repatriasiya), onların qəbul edən ölkədə uyğunlaşmasına imkan yaratmaq və ya üçüncü ölkədə məskunlaşmalarını asanlaşdırmaq (köçürmə) daxildir. Bu çərçivədə, Fələstinli qaçqınları qorumaq üçün qurulan UNRWA, 1951-ci ildə qurulan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) nəzdində yaradıldı və nəticədə bütün dünyada, xüsusilə də Avropada olan qaçqınları əhatə etdi. Bu vəziyyət Fələstindəki vəziyyətin ölçüləri haqqında mühüm ipucu verir. Çünki müharibədən sonra Avropada milyonlarla qaçqın və köçkün var. Bununla belə, Fələstin problemi təkcə məcburi köçkünlərin məskunlaşmasına gətirib çıxarmayıb, həm də onların məskunlaşdıqları yerlərdə məcburi köçkünlərlə bağlı çoxölçülü sığınacaq problemi yaradıb. Bu çoxölçülü problemə siyasi və hüquqi baxımdan qalıcı bir həll tapmaq əvəzinə palliativ səyləri dəstəkləmək UNRWA-nın Fələstin məsələsindəki imkanlarının zəiflədiyi bir prosesə gətirib çıxardı. UNRWA hazırda 6 milyona yaxın fələstinli qaçqına xidmət göstərir. Bundan əlavə, UNRWA-nın xidmət şərtlərinə cavab verə bilməyən milyonlarla fələstinli vətəndaşsızlıq və qaçqın statusu oxunda sağ qalmaq üçün mübarizə aparır.

 

Fələstinli qaçqınlara bir çox ölkələr qucaq açıb. İordan çayının qərb sahilində yaşayan 3,3 milyon və Qəzzada yaşayan 2,3 milyon fələstinli ilə yanaşı, İsraildə də 1,75 milyon fələstinli yaşayır (ümumi İsrail əhalisinin təxminən 20%-ni təşkil edir). Bu ərazilərdən kənarda olan bütün fələstinlilər, o cümlədən 1948-ci ildən əvvəl gedənlər (və buna görə də BMT-nin rəqəmlərinə daxil edilməyənlər), onların övladları, həmçinin öz ata-baba yurdlarını tərk edən, lakin heç vaxt qaçqın kimi qeydə alınmayanlar da daxil olmaqla, daha geniş diasporu təşkil edir. Fələstin Mərkəzi Statistika İdarəsinin paylaşdığı son məlumatlara görə, Yaxın Şərqdən Cənubi Amerika və Avstraliyaya qədər uzanan bu qlobal diasporda təxminən 7,3 milyon fələstinli yaşayır. Lakin bu məlumatlara yalnız şəxsiyyət vəsiqəsi olan və ya qaçqın kimi qeydiyyatdan keçmiş fələstinlilər daxildir, ona görə də diaspora əhalisi əslində daha çox ola bilər. Fələstin Mərkəzi Statistika İdarəsinin məlumatına görə, altı milyondan çox fələstinli ərəb ölkələrində yaşayır, onların təxminən yarısı İsrailin şərq sərhədində, İordaniyada sürgündədir. İordaniyadakı fələstinlilərin əksəriyyəti ölkə vətəndaşlarıdır və digər vətəndaşlarla eyni hüquqlara malikdir. Livan, Suriya və Misirin bir milyondan çox insana ev sahibliyi etdiyi təxmin edilir”.

 

Aysel Mirzəyeva