XİN Barroya cavab verdi: "Belə ikili yanaşma Fransanın riyakarlığını göstərir"

Bölmə: Siyasət › ,
Tarix: 16:04 14.04.2025

"Fransanın Ermənistana ölümcül silahlar tədarük etməsi və onun sülhə xidmət etməyən uzunillik anti-Azərbaycan mövqeyi, xarici işlər naziri Jan-Noel Barronun regionda gərginliyin yaranması ilə bağlı ifadə etdiyi narahatlıqla üst-üstə düşmür".



“İnformator.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "X" hesabında bəyan edib.

 


O, Fransa xarici işlər naziri Jan-Noel Barronun regiondakı gərginliklə bağlı bəyanatına reaksiya verib.

XİN sözçüsü bildirib ki, bu ikili yanaşma Fransanın riyakarlığını göstərir.

"Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm hadisə olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir. Bundan əlavə, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər üçün məhkəmə proseslərinin qarşısının alınması cəhdləri təkcə daxili işlərə müdaxilə deyil, həm də belə cinayətlərə görə məsuliyyətə xələl gətirir", - deyə Ayxan Hacızadə vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Fransa Xarici İşlər Nazirliyinin başçısı jurnalistlərə Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə guya gərginlik olduğunu bildirib. Onun sözlərinə görə, Fransa bu vəziyyətdən narahatdır.