İranın bəzi vilayətlərində hava çirkliliyi səbəbilə rəsmi qurumlar və məktəblər bağlanıb

Bölmə: Dünya › ,
Tarix: 15:40 15.04.2025

İranın rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, ölkənin cənub-qərbində yerləşən bəzi vilayətlərdə qum tufanı və hava çirkliliyi gündəlik həyatı mənfi təsirə məruz qoyub.

 


Havada toz miqdarının artması və yaranan çirklilik səbəbindən Luristan, Kirmanşah, Kohgiluye-Buyer Əhməd, Mərkəzi və nüvə elektrik stansiyasının yerləşdiyi Buşehr vilayətlərində rəsmi qurumlar, banklar və bütün təhsil müəssisələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Qeyd olunan vilayətlərdə dərslərin onlayn şəkildə davam etdiriləcəyi, təcili xidmət qurumlarının isə işinə fasiləsiz davam edəcəyi bildirilib.

Digər tərəfdən, İraqın Bəsrə şəhərinə və Bəsrə körfəzinə qonşu olan Huzistan vilayətinin Hava Limanı İdarəsinin verdiyi açıqlamada, qum tufanı səbəbilə uçuşlarda ləngimə yarandığı, Əhvaz şəhərində 3 uçuşun ləğv edildiyi qeyd olunub.

 

Pis hava şəraiti səbəbindən 8 uçuşun isə ikinci bir bildirişədək təxirə salındığı bildirilib. Sərnişinlərə uçuş məlumatları ilə bağlı Əhvaz Beynəlxalq Hava Limanının rəsmi saytını izləmələri tövsiyə olunub.

İranın bir hissəsində qum tufanl və hava çirkliliyi müşahidə olunduğu halda, paytaxt Tehran da daxil olmaqla 22 vilayətdə göy gurultulu və leysan yağışlı hava şəraiti gözlənilir.

 

 


Mənbə: TRT HABER
Nuray Əliyeva