Macarıstan: Ukraynaya bir silah belə göndərməyəcəyik!

Tarix: 21:05 15.04.2025
Macarıstan Avropa İttifaqının (Aİ) hərbi planlarına qarşı çıxır. Xüsusilə Ukraynaya silah tədarükü üçün 40 milyard avro ayrılmasına sərt etiraz edir. Macarıstan rəsmi olaraq bəyan edib ki, Ukraynaya nə silah, nə də bir əsgər göndərməyəcək.
Mövzu ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "İnformator.az"a açıqlamasında bildirib ki, Macarıstanla Ukrayna arasında bu cür münasibətlər yeni deyil:
"Bu gərginliyin kökləri Sovet dövrünə, eləcə də Sovet İttifaqı dağıldıqdan sonrakı dövrlərə qədər uzanır. Müharibədən əvvəlki illərdə də Ukraynada yaşayan macar azlığına qarşı milli assimilyasiya siyasəti həyata keçirilirdi. Etnik azlıq olan macarların ana dilində məktəblərinin olmaması, mədəniyyətlərinin inkişafına yaradılan maneələr uzun illərdir Macarıstan–Ukrayna münasibətlərində mübahisə mövzusudur. Bu baxımdan, Macarıstanın Ukraynaya qarşı sərgilədiyi mövqe başa düşüləndir. Macarıstan Avropanın Ukraynaya göstərdiyi yardımları bloklayır, xüsusilə də silah göndərilməsinə qarşı çıxır. Bununla yanaşı, Macarıstan Rusiya ilə Avropa İttifaqı arasında əlaqələrin davam etdirilməsinin tərəfdarıdır. Bu səbəbdən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmur və Rusiya ilə ticarət əlaqələrini davam etdirir".
Siyasi şərhçi əlavə edib ki, bu, Macarıstanın Avropa İttifaqı ilə münasibətlərində müəyyən problemlərə səbəb ola bilər:
"Ola bilər ki, Avropa İttifaqı Macarıstanın təşkilat daxilindəki fəaliyyətini müvəqqəti olaraq dayandırsın və ya ona qarşı müəyyən sanksiyalar tətbiq etsin. Hətta Avropa İttifaqı Macarıstanın iştirakı olmadan ayrıca bir qurum, blok və ya hərbi birlik yaradaraq Ukraynaya hərbi yardım göndərməyə çalışa bilər. Macarıstanın Avropa İttifaqı ilə bu tip qarşıdurması, şübhəsiz ki, Rusiyanın maraqlarına uyğundur. Bu səbəbdən Rusiya Macarıstanla münasibətlərin inkişaf etdirilməsində və möhkəmləndirilməsində maraqlıdır".
Aytən Ağazadə