Paşinyan Seçkiqabağı Dəhliz Vədləri Verir: Zəngəzurdan Naxçıvana Uzanan Yol

Bölmə: Siyasət › ,
Tarix: 21:15 15.04.2025

 

Erməni jurnalist Narine Kirakosyanın sözlərinə görə Paşinyan "Nüvədi"  kəndinə səfər edərək əhaliyə bildirib ki, dəmir yolu açılsa tonlarla nar sata biləcəksiniz. O dəmir yolu deyərkən Zəngəzur dəhlizini nəzərdə tutub. Erməni jurnalist bildirib ki, Paşinyan və onun komandası seçkiqabağı təbliğat kampanyasına başlayıb. Jurnalist bildirir ki, İranın razılığı olmadan Mehri bölgəsində müəyyən işlər görülür və yolun genişləndirilməsinə ehtiyac olmayan yerlərdə belə bu işlərə başlanılıb. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib ki, Ermənistan Zəngəzur dəhlizini “dəhliz” kontekstində açmaq marağında deyil:

 

"Antalya Diplomatik Forumunda Ararat Mirzoyan qeyd etdi ki, Ermənistan Ermənistandaki dəmiryolu xətti ilə Azərbaycanın dəmiryolu xəttinin birləşdirilməsində maraqlıdır. Bu dəmiryolu xətti əvvəlcə Zəngəzur, daha sonra isə Naxçıvana istiqamətlənmiş olacaqdır və bununla da Azərbaycanla Naxçıvan arasında əlaqə təmin olunacaqdır. Bu mövqeyini artıq Ermənistan bir neçə aydır səsləndirir, amma Zəngəzur dəhlizi məsələsini heç bir halda gündəmə gətirmir. Onlar deyirlər ki, bu nəqliyyat yolu Ermənistanın tam yuridiksiyası altında olmalıdır. Azərbaycanın bu məsələdə əsas qayğısı təhlükəsizlik məsələsindədir. Üçtərəfli bəyanatda təhlükəsizlik məsələsinə Rusiya hərbiçilərinin nəzarət etməsi məsələsi vardı. Çünki uzun illərdir münaqişə şəraitində yaşadığımız bir ölkəyə Azərbaycan sərnişinlərinin getməsi istər-istəməz təhlükəsizliklə bağlı narahatlıq yaradır. Belə olan halda, biz haqlı şəkildə təhlükəsizlik təminatı istəyirik. Biz maneəsiz keçidin təmin olunmasını istəyirik. Ermənistan tərəfinin isə bəyanatlarında isə maneəsiz keçidlə bağlı fərqli yanaşmaları görürdük. Amma Azərbaycan birmənalı şəkildə maneəsiz keçidi istəyir. Digər məsələ odur ki, Azərbaycan zəmanət almalıdır ki, bu razılaşmaya Ermənistandaki bütün hökumətlər əməl edəcək. Yəni, sabah Paşinyan devrilsə, başqası hakimiyyətə gəlsə, digər hakimiyyət həmin sazişi ləğv etməyəcək. Ermənistan Zəngəzur dəhlizini “dəhliz” kontekstində açmaq marağında deyil. Ermənistan sadəcə istəyir ki, Azərbaycan və Türkiyə ilə sərhədləri açılsın, ticarət imkanları olsun və bunlardan faydalanaraq qərbə doğru inteqrasiya xətti tutmuş olsun. Ona görə də, Ermənistan nəqliyyat yollarının açılmasını istəyir ki, bəzi məsələlərini həll edə bilsin. Amma bu prosesin müəyyən tələbləri var ki, hər şeydən əvvəl sülh sazişi imzalanmalıdır. Sülh sazişi məsələsində əngəllər, o cümlədən, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğv olunması məsələsi aradan qalxmalıdır. Eyni zamanda, üçtərəfli bəyanatın 9-cu maddəsi yerinə yetirilməli və Azərbaycana Naxçıvanla maneəsiz keçid verilməlidir".

 

Günel Verdiyeva