İsrail HƏMAS-la atəşkəs danışıqları təklif edir

Tarix: 21:22 15.04.2025
İsrail Misir vasitəsilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifini çatdırıb.
Məlumata görə, Qahirə artıq İsrailin təşəbbüsü ilə bağlı HƏMAS-ı məlumatlandırıb və yaxın vaxtlarda onların cavabını gözləyir.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımovun “İnformator.az”a verdiyi açıqlamaya görə, İsrailin əsas hədəfi HƏMAS-ı Qəzza zolağından tam şəkildə çıxarmaq, zəiflətmək və məhv etməkdir:
“İsrailin HƏMAS-a atəşkəs təklifi gözlənilən idi. Belə ki, iki aylıq ilkin atəşkəsdən sonra tərəflər faktiki olaraq üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirmədilər. Bu səbəbdən 20 martdan sonra İsrail HƏMAS-ın nəzarətində olan bölgələri yenidən vurmağa başladı. Bu dəfə beynəlxalq reaksiyaları da nəzərə alan İsrail, əslində, HƏMAS-la bağlı bir çox məsələləri birdəfəlik həll etmək istəyir.
İsrailin əsas hədəfi, şübhəsiz ki, HƏMAS-ı Qəzza zolağından tam şəkildə çıxarmaq, zəiflətmək və məhv etməkdir. Amma hələlik bu hədəflərə tam şəkildə çatılmayıb. HƏMAS, ilyarımlıq savaşda ciddi itkilər versə də, hələ də müəyyən gücünü qoruyur.
Tərəflər arasında atəşkəsə əməl olunmasının əsas şərtlərindən biri də HƏMAS-ın əlində olan israilli girovların bir qisminin azad edilməsi ilə bağlıdır. Girovların bir hissəsi buraxılsa da, digərləri hələ də saxlanılır. HƏMAS isə bildirir ki, atəşin dayandırılması müqabilində bütün girovları azad etməyə hazırdır. Bu məsələ kifayət qədər mürəkkəbdir və nəzərə almaq lazımdır ki, Qəzzada bu mövzu ilə bağlı vahid mövqe yoxdur.
Amerika və İsrailin Qəzza ilə bağlı planları da fərqlidir. Bu plana əsasən, Qəzza tam şəkildə sakinlərdən boşaldılmalı və beynəlxalq nəzarətə verilməlidir. Trampın fikrincə, Qəzza sakinləri bu ərazidə yaşamamalıdır. Əlbəttə ki, dünyanın əksər dövlətləri bu planı tənqid edib və onu “qəbulolunmaz” adlandırıb.
Məsələnin fundamental həlli kifayət qədər çətin olacaq, çünki İsrail bir daha Qəzza ərazisindən təhdid və təhlükə görməmək üçün bu ərazinin tamamilə silahsızlaşdırılmasını və nəzarətə götürülməsini istəyir".
Fatimə Şahverdiyeva