Tramp: Əgər seçilsəydim, Rusiya-Ukrayna müharibəsi başlamazdı

Tarix: 21:36 15.04.2025
ABŞ Prezidenti Donald Tramp El-Salvador lideri Nayib Bukele ilə Ağ Evin Oval Ofisində keçirdiyi mətbuat konfransında çıxış edib.
O bildirib ki, əgər 2020-ci il seçkilərində qalib gəlsəydi, Rusiya-Ukrayna müharibəsi baş verməzdi:
“Səhv bu müharibənin başlamasına imkan vermək idi. Zelenski daha çox şey istəyirdi. Bu müharibənin baş verməsinə isə heç vaxt icazə verilməməli idi. Heç kim mələk deyil.
Əgər Bayden və Zelenski bacarıqlı olsaydı, müharibənin baş verməsinə heç vaxt icazə verilməzdi. Putin isə bu müharibəyə heç başlamamalı idi. Özünüzdən 20 dəfə böyük olan birinə qarşı müharibəyə başlamazsınız. Sonra da raketə ehtiyacınız olduğunu bəyan etməzsiniz".
Məsələ ilə bağlı siyasi şərhçi, teleaparıcı və tədqiqatçı Tural İsmayılovun “İnformator.az”a verdiyi açıqlamaya görə, Zelenskinin çox şey istəməsi məsələsi Trampın ifadə etdiyi kimidirsə, o zaman bu şəraiti Zelenskiyə yaradan Avropa İttifaqı və ABŞ-nin əvvəlki administrasiyası olub:
“Amerika Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi dünyada ciddi çaxnaşma yaradır və geopolitik düzənin yenidən formalaşmasına səbəb olur.
Hər bir halda Trampın bu mövzu ilə bağlı fikirlərində haqlı məqamlar var. Eyni zamanda, Tramp artıq bilir ki, Rusiya-Ukrayna müharibəsində siyasi manevr imkanları kifayət qədər daralıb. O, iqtisadi maraqlarının həyata keçirilməsi üçün Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, dünyada aktiv savaş epizodlarının azaldılmasının tərəfdarı kimi çıxış edir.
Ancaq Trampın qeyd etdiyi məqamlarda müəyyən anlaşılmazlıqlar da mövcuddur. Zelenskinin çox şey istəməsi məsələsi Trampın ifadə etdiyi kimidirsə, bu şəraiti ona yaradan Avropa İttifaqı və ABŞ-nin əvvəlki administrasiyası olub. Hər iki halda da Tramp müharibənin tezliklə başa çatmasını istəyir".
Fatimə Şahverdiyeva