Deepfake və Dezinformasiya: İnformasiya Təhlükəsizliyi Üzrə Yeni Təhdidlər

Tarix: 22:00 15.04.2025
Texnologiya inkişaf etdikcə informasiya mühitində saxta və manipulyativ məzmunların yayılması da artmaqdadır. Bu kontekstdə “deepfake” və “dezinformasiya” anlayışları xüsusilə aktuallaşır. Mütəxəssislər bildirirlər ki, bu cür məzmunlar cəmiyyətin informasiya təhlükəsizliyinə ciddi təhdid yaradır.
Mövzu ilə bağlı yeni media üzrə tədqiqatçı Səbinə İzzətli “informator.az”a açıqlamasında bildirib ki, hər iki anlayış bir-birindən fərqli olsa da, bir nöqtədə yanlış məlumatın yayılması baxımından birləşirlər:
“Deepfake-lər texnoloji vasitələrlə hazırlanan, real görünən, lakin saxta video məzmunlardır. İnsanların etibar etdiyi vizual informasiyanın saxtalaşdırılması, informasiya müharibəsinin daha da təhlükəli mərhələyə keçdiyini göstərir. Dezinformasiya isə daha geniş anlayışdır. O, bilərəkdən yayılmış yalan informasiyaları özündə cəmləyir. Bütün deepfake-lər dezinformasiyadır, amma bütün dezinformasiyalar deepfake deyil. Bu cür saxta kontentlər cəmiyyətdə güvənin sarsılmasına, insanları çaşdırmağa və sosial sabitliyə təhlükə yaratmağa xidmət edir. "Data reportal”ın açıqladığı statistikaya görə, Azərbaycanda 6 milyon 730 min sosial media istifadəçisi var. Bu da əhalinin 65 faizinə bərabərdir. Bu o deməkdir ki, dezinformasiya və deepfake məhsullarının sürətlə yayılması üçün çox geniş zəmin mövcuddur".
Tədqiqatçının fikrincə, bu problemlə mübarizədə ilk növbədə maarifləndirmə əsas rol oynayır:
“Hər bir vətəndaş məlumatın mənbəyini yoxlamalı, şübhəli xəbərləri paylaşmadan əvvəl araşdırmalı, etibarlı fakt-yoxlama alətlərindən istifadə etməlidir. Süni intellekt vasitələri və beynəlxalq platformalar bu işdə böyük rol oynaya bilər. Əsas məsələ media savadlılığının və tənqidi düşünmə qabiliyyətinin artırılmasıdır. Texnologiyanın müsbət imkanlarından faydalanmaqla yanaşı, onun gətirdiyi təhlükələrə qarşı da hazırlıqlı olmaq cəmiyyətin informasiya təhlükəsizliyini təmin etməyə yardımçı ola bilər".
Maya Bayramova