Analitik: ABŞ-nin dəstəyi Ukrayna üçün əvəzolunmazdır

Tarix: 22:07 15.04.2025
Son illərdə dünya siyasi arenasında baş verən hadisələr, xüsusilə də Ukrayna ilə Rusiya arasında yaşanan münaqişə beynəlxalq münasibətlərin dinamikasını köklü şəkildə dəyişib. Bu qarşıdurmada Qərbin, xüsusilə də ABŞ-nin rolu diqqətçəkən mövzulardan biridir. Bəzi mütəxəssislər bu yardımların arxasında dərin strateji məqsədlərin dayandığını düşünür. Ukraynanın NATO-ya inteqrasiyası və ABŞ qoşunlarının bölgədə yerləşdirilməsi də bu planların bir hissəsi kimi qiymətləndirilir.
Bu barədə “informator.az”a danışan Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyir ki, Ukrayna məhz ABŞ-nin ona verdiyi dəstək sayəsində Rusiya ilə qarşı-qarşıya gələ bilib:
“Ukrayna torpaqları işğal olunsa da, müqavimət göstərə bilir. Məqsəd Rusiyanı zəiflətmək və hətta mümkün olsa Rusiyanın parçalanmasına da nail olmaqdır. Donald Tramp Ukraynanın təbii sərvətlərini nəzarətə almaq istəyir.
Ukraynanın NATO ya daxil olması, ABŞ qoşunlarının burada yerləşdirilməsindəki məqsəd odur ki, Vaşinqton etdiyi yardıma görə, həm də Ukraynanın təbii sərvətlərini öz nəzarətinə keçirmək istəyir".
Kamil İsgəndərli