ABŞ-Türkiyə Yaxınlaşması Yeni Geosiyasi Reallıq Yaradır-Azərbaycanın xarici siyasəti necə tənzimlənə bilər?

Bölmə: Siyasət › ,
Tarix: 15:09 16.04.2025

ABŞ və Türkiyə arasında uzun illərdir davam edən strateji tərəfdaşlıq münasibətləri yenidən canlanmaq üzrədir. NATO çərçivəsində qurulan bu əlaqələr bir müddət ABŞ-nin Türkiyəyə qarşı sərgilədiyi qərəzli mövqe və üçlü standartlar səbəbindən zəifləsə də, Donald Trampın yenidən gündəmə gələn Türkiyə siyasəti münasibətlərin bərpasına ümid yaradıb.

Mövzu ilə bağlı Həşim Səhrablı bildirib ki, ABŞ-nin yeni yanaşması Cənubi Qafqaz və Yaxın Şərqdə ciddi dəyişikliklərə yol aça bilər:

 

"Tarixən bu regionlarda sabitliyin olmamasından İran və Rusiya kimi güclər faydalanıb. Azərbaycan və Türkiyə isə çox zaman bu güclər arasındakı mübarizədə sıxışdırılıb və müxtəlif siyasi təzyiqlərlə üzləşib. Hazırda ABŞ-nin əsas məqsədi qlobal hegemonluğunu qorumaqdır və bu istiqamətdə həm Cənubi Qafqaz, həm də Yaxın Şərq regionuna ehtiyac duyur. Azərbaycan və Türkiyə isə müstəqil xarici siyasət yürütmək istəyən ölkələr olaraq, bu tarixi fürsətdən maksimum faydalanmağa çalışa bilərlər".

 

Ekspert qeyd edir ki, balanslı siyasətin qorunması ilə Azərbaycan həm ABŞ, həm Rusiya, həm də Çinlə münasibətləri eyni səviyyədə saxlamağa çalışacaq. Bu üç böyük gücün hər hansı birinin atacağı anti-Türk addım isə regionda ən strateji mövqeyə sahib ölkələrin uzaqlaşması ilə nəticələnə bilər ki, bu da həmin güclərin maraqlarına ziddir.

 

Selcan Əhmədli