Cənubi Koreyada prezidentin iqamətgahına polis basqını oldu

Bölmə: Dünya › ,
Tarix: 15:53 16.04.2025

 

Cənubi Koreya polisi cinayət işi üzrə axtarış aparmaq üçün qiyam cəhdində ittiham olunan keçmiş prezident Yun Sok Yolun iqamətgahına daxil olmağa çalışıb. Lakin mühafizə qüvvələrinin müqaviməti ilə qarşılaşıb - axtarışa icazə verilməyib.

 

İnformator. az-ın məlumatına görə, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.

 

Hüquq-mühafizə orqanlarının iqamətgahdan məxfi rabitə vasitəsi və telefon danışıqlarının məlumatları saxlanılan serverləri götürmək istədikləri ehtimal olunur.

Bundan əlavə, prezident mühafizə xidmətinin direktor müavini Kim Son Hun istefa verdiyini elan edib - yanvarda təhlükəsizlik xidməti Yun Sok Yolun həbsinə icazə vermədiyi üçün onun barəsində də cinayət işi açılıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 3-də prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya casusluqda günahlandıraraq respublikada hərbi vəziyyət elan edib. Bir neçə saat sonra hərbi vəziyyət ləğv olunub. Dekabrın 14-də parlament ölkə başçısına impiçment elan edib. Cari il aprelin 4-də Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezidentin impiçmentini təsdiqləyib beləliklə o, bütün hakimiyyətdən məhrum edilib.