Rüsum müharibəsində son vəziyyət nədir?

Bölmə: Dünya › ,
Tarix: 16:22 16.04.2025

Ağ Evin sözçüsü Karoline Leavitt, Prezident Donald Trampın Çinlə gömrük və ticarət sazişinə açıq olduğunu bildirərək belə deyib:


“Top artıq Çinin sahəsindədir. Çin bizimlə razılaşma imzalamalıdır, biz isə onlarla razılaşma bağlamağa məcbur deyilik". Ağ Evin sözçüsü Leavitt keçirdiyi mətbuat brifinqində ABŞ ilə Çin arasında gömrük rüsumları ilə bağlı gərginliyə dair yeni açıqlamalar verib. Çinin daha böyük olmasından başqa digər ölkələrdən heç bir fərqinin olmadığını müdafiə edən Leavitt belə deyib:
“Çin bizim sahib olduğumuz şeyi – yəni Amerika istehlakçısını istəyir; başqa sözlə, onların bizim pulumuza ehtiyacı var. Prezident Tramp Çinlə razılaşmaya açıq olduğunu bildirib, lakin Çin ABŞ ilə razılaşma imzalamalıdır".

Gömrük və ticarət razılaşmaları ilə bağlı ABŞ-ə qarşı cavab addımı atmayan bir çox ölkə ilə danışıqların davam etdiyini bildirən sözçü əlavə edib:
“Yaxın vaxtlarda bəzi ölkələrlə gömrük tarifləri üzrə razılaşmalarımızı açıqlayacağıq".

 

Leavitt, bəzi avtomobil ehtiyat hissələrinin ixracına vergi azadlığı tətbiq edilə biləcəyinə dair xəbərlərlə bağlı sualı cavablandırarkən deyib ki, Tramp bu gömrük danışıqlarında elastikliyə malikdir və ədalətli olmaq şərti ilə hər bir ölkə ilə razılaşma imzalanması mümkündür. Çin, ABŞ-nin tarif artımlarına reaksiya verən ilk ölkə olmuş və eyni səviyyədə cavab tədbirləri tətbiq edib. İki ölkə arasında baş verən tarif qarşıdurması nəticəsində ABŞ Çindən idxal olunan mallara tətbiq etdiyi gömrük rüsumunu 145 faizədək, Çin isə ABŞ mallarına 125 faizədək artırıb. Vaşinqton rəhbərliyi digər ölkələrə qarşı tətbiq edilən qarşılıqlı tarifləri 90 gün təxirə saldığı halda, Çinə yönəlik tariflər dərhal qüvvəyə minib. Prezident Tramp daha sonra bəzi texnoloji məhsulların — ağıllı telefonlar, noutbuklar, sabit disklər, kompüter prosessorları və çiplər — əlavə vergilərdən azad ediləcəyini açıqlayıb.

 

Mənbə:CNN
Ətirə İbayeva