"NATO-nun qapıları Ukraynanın üzünə bərk-bərk bağlıdır"

Bölmə: Siyasət › ,
Tarix: 16:43 16.04.2025

Natonun baş katibi çox dolaşıq bir açıqlama verib. Ukraynanın Nato-ya üzvlüyündən imtina olunmadığını eyham vurur. Eyni zamanda Ukraynanın Nato-ya üzvlüyünün çox qəliz olduğunu da anlatmağa çalışıb. 


Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator az"a açıqlmasında bildirib ki, bu məsələdə, məsuliyyət birbaşa ABŞ-nin üzərinə atılır və eyham vurulmağa çalışılır:

 

"Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı məsələ həmişə gündəmdə olacaq. Lakin bunun nə vaxt baş verəcəyi məlum deyil. Məsələ ondadır ki, Ukraynaya NATO-ya üzvlüyü ilə bağlı vədlər hələ Rusiya ilə bağlı mübarizədən xeyli əvvəldən verilib. Ukrayna artıq illərdir ki, NATO-ya üzvlük niyyətini reallaşdırmağa çalışırdı və həmçinin də, Rusiya ilə baş vermiş mübarizənin səbəbləri sırasında da bu məqam yer alır. Ancaq Ukraynanın NATO-ya üzv olma ehtimalı olduqca zəifdir. Çünki bunu elə NATO üzvləri istəmirlər.

 

Kiyevdə hesab edirlər ki, Ukraynanın yeganə təhlükəsizlik təminatı NATO-ya üzvlükdür, təbii ki NATO bu məsuliyyətin altına girmək istəmir. Bunun səbəbi isə Ukrayna əraziləri işğal olunmuş Rusiya ilə münaqişə vəziyyətində olan bir dövlətdir. Belə bir dövlət NATO-ya üzv olarsa, bu dövlətin problemlərinə şərik çıxmış olacaq. Yəni həm Ukraynanın təhlüksizliyini təmin etməli, həm də ərazi bütövlüyünün bərpa olunmasına cəhd göstərməli olacaq. Müəyyən mənada Rusiya ilə faktiki olaraq qarşıdurma vəziyyətinə düşmüş hesab ediləcək. Ona görə də, qərbdə Ukraynın NATO-ya üzvlüyünü istəmirlər. Xüsusilə də ABŞ verilən bütün vədlərə zidd olaraq buna qarşı çıxır. Tramp administrasiyası hətta bunun baş verməyəcəyini xüsusi vurğulayıb. Tramp Zelenskiyə məsləhət görüb ki, Ukraynanın üzvlük məsələsini bir dəfəlik unutsa daha yaxşı olar. Bu o deməkdir ki, Ukrayna üzv olmayacaq. Digər tərəfdən ABŞ-dən əlavə Ukraynaya hərbi dəstək verən Fransa və Almaniya da, NATO-ya üzvlüyünə müqavimət göstərirlər. Hesab edirlər ki, Ukraynanı üzv etmək yol verilməzdir, çünki NATO dövlətlətlərini Rusiya ilə münaqişə şəraitinə sala bilər. Bütün bunları nəzərə aldıqda, Ukrayna üçün vəd olunan üzvlük məsələsi demək olar ki, baş tutmayacaq hədəfdir. NATO-nun qapıları Ukraynanın üzünə əslində bərk-bərk qapalıdır. Rəsmi Kiyev də anlayır ki, Ukraynanın üzv qəbul olunması ən azından yaxın gələcəkdə mümkün olmayan bir məsələdir".

 

Ətirə İbayeva