Zelenski ABŞ ilə yeraltı sərvətlərlə bağlı müsbət danışıqlar apardığını açıqlayıb

Bölmə: Siyasət › ,
Tarix: 17:10 16.04.2025

 

ABŞ hazırda Ukraynanın zəngin təbii sərvətlərinə tam nəzarət əldə etməyə çalışır və bu məqsədlə müəyyən müqavilə layihələri irəli sürüb. Lakin bu layihələr həm Ukraynada, həm də Qərbdə “talan xarakterli” kimi qiymətləndirilir. Məsələyə Rusiya da reaksiya verir və bu prosesin qarşısını almağa çalışır.

 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ administrasiyası, xüsusilə də Tramp dövründə, Ukraynaya ayrılmış hərbi xərcləri geri qazanmaq və əlavə qazanc əldə etmək niyyətindədir:

 

"ABŞ Ukraynanın həm təbii sərbətlərinə, həm dövlət gəlirləri resurslarına, həm də Ukraynanın infrastrukturuna tam nəzarət edəcək. ABŞ-də bir fond yaradılmalıdır və həmin fondun üzərindən bütün bu gəlirlər idarə olunmalı,gəlirlərinin böyük bir hissəsini ABŞ götürməlidir. Təxminən 500 milyarda yaxın məbləğ ödənənə qədər Ukrayna bu müqavilədən hər hansı maliyyə qazana bilməyəcək. Borcun bağlanmasından sonra isə gəlirlərin yalnız 50%-i Ukraynaya çatacaq".

 

Ekspertin sözlərinə görə, bəzi hesablamalar Ukraynanın mineral ehtiyatlarının ümumi dəyərinin təxminən 2,7 trilyon dollar olduğunu göstərir və bu, ABŞ üçün strateji baxımdan böyük maraq doğurur. Rusiyanın da bu prosesdə öz maraqları mövcuddur.

 

"Kremlin mövqeyinə görə, Ukraynanın ABŞ-nin tam nəzarətinə keçməsi bu ölkənin toxunulmaz dövlət kimi formalaşmasına səbəb ola bilər ki, bu da Rusiyanın maraqlarına uyğun deyil. hazırda ABŞ münaqişənin sonlanması üçün sülh sazişinin imzalanmasına çalışır. Bu sazişin ardınca isə Ukraynaya təklif edilən sərvətlər müqaviləsinin ABŞ-nin istədiyi şərtlərlə təsdiqlənməsi hədəflənir. Bununla belə, Rəsmi Kiyev müqavimət göstərməyə davam edir və ABŞ tərəfindən göndərilmiş müqavilə layihəsində müəyyən dəyişikliklərə nail olmağa çalışır. ABŞ-də də bu şərtlərin dəyişdirilməsinin vacibliyi qəbul edilməyə başlanılıb, çünki belə birtərəfli bir sənədi “normal bir dövlətin” imzalaması real görünmür".

 

Güllər Gülhüseynova