Azərbaycan və Suriya arasında diplomatik əlaqələr genişlənir

Tarix: 22:34 16.04.2025
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə telefon danışığı aparıb. Bu barədə SANA agentliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər enerji sektoru və yenidənqurma sahəsində sabitliyə nail olmağın, eləcə də siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Suriya hökumətinə dəstəyin vacibliyini vurğulayıblar.
Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev Suriyanın yenidən qurulmasında Türkiyə ilə məsləhətləşmələr aparır:
“Cənab İlham Əliyev Türkiyə ilə Suriyanın təhlükəsizliyi, infrastrukturu və iqtisadiyyatına dəstəklə bağlı iş aparır. Azərbaycanın verdiyi hər bir dəstək bizim üçün çox dəyərlidir. Bu məsələdə edilən təşəbbüsləri alqışlayırıq".
Məsələ ilə bağlı politoloq Oqtay Qasımovun “İnformator.az”a verdiyi açıqlamaya görə, Suriya ilə münasibətlərin inkişafı, həmçinin Azərbaycanın bölgədə nüfuzunu artıracaq:
“Suriyada Əsəd rejimi dövründə Türkiyə ilə münasibətlər kifayət qədər gərgin olub. Əsəd rejimi Suriya ərazisində Türkiyəyə qarşı PKK terror təşkilatının fəaliyyətinə şərait yaradıb və bu da münasibətləri gərginləşdirən əsas amillərdən biri olub. Suriyada başlanan vətəndaş müharibəsi və rejimə qarşı xalq üsyanı, əlbəttə ki, bölgədə çox ciddi təhlükəsizlik təhdidləri yaratdı. Nəhayət, neçə illik mübarizədən sonra xalq rejimi devirdi və artıq yeni bir dönəm başlayır. Bu dönəmdə Türkiyənin də Suriyada kifayət qədər rolu var. Türkiyə Suriyanın yeni hakimiyyəti ilə normal münasibətlərə malikdir. Yeni hakimiyyət də ölkədəki bütün etnik, dini qrupları qucaqlayacaq bir hakimiyyət modelinin qurulmasını bəyan edib. Əlbəttə ki, bu, çox müsbət bir siqnaldır.
Azərbaycanın Suriya ilə əlaqələri məsələsinə gəldikdə, Suriya yerləşdiyi geostrateji mövqeyinə görə olduqca önəmli bir ölkədir. Tarixən Azərbaycanla Suriya arasında müəyyən əlaqələr olub. Suriyanın ərəb dünyasında da məxsus yeri var. Azərbaycanın xarici siyasət prioriteti türk dünyasına yönəlikdir. Qardaş Türkiyə ilə münasibətlərin daha da gücləndirilməsi və inkişafı üçün bu addımlar Türkiyə ilə birgə atılır. Suriyanın yenidən qurulması üçün artıq Azərbaycandan da humanitar yardımlar göndərilib. Bunun əsas səbəbi də budur ki, Suriyada bütün toplumu qucaqlayacaq bir sistem qurulacaq və terror təşkilatlarına yer olmayacaq. Bu, əlbəttə ki, həm sabitlik baxımından önəmli bir faktordur, həm də Türkiyə ilə münasibətlər və Türkiyənin özü üçün də kifayət qədər uyğun bir variant hesab olunur.
Xatırladaq ki, Azərbaycan Prezidenti Antalya Diplomatiya Forumunda Suriya hakimiyyətinin rəhbəri ilə görüşdü və onu Azərbaycana dəvət etdi. Bu dəvət də məmnuniyyətlə qəbul olunub. Suriya ilə münasibətlərin inkişafı, həmçinin Azərbaycanın bölgədə nüfuzunu artıracaq. Belə ki, Suriyadakı vəziyyətlə bağlı Azərbaycanın əsas tərəfdaşlarından olan İsrailin də müəyyən qayğıları var və Azərbaycan, həmçinin Suriya–İsrail münasibətlərində vasitəçi olaraq gələcəkdə çıxış edə bilər".
Fatimə Şahverdiyeva