Sərhəddə təxribatlar artır: Azərbaycanın səbri sonsuz olmayacaq

Tarix: 18:51 17.04.2025
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçı siyasəti şanlı ordumuzun 44 günlük əzmli zəvəri ilə sonlandı. Bununla barışmayan erməni təxribatçıları son günlər sərhədyanı ərazilərimizi atəşə tutur, öz mənfur niyyətlərindən əl çəkmirlər. Eyni zamanda Ermənistan hakimiyyəti sözdə sülhdən dəm vuraraq, sanki danışıqları ən çox özləri istəyirmiş kimi mövqedən çıxış edirlər.
Siyasi şərhçi Kənan Novruzov "İnformator.az"a açıqlamasında bildirib ki, bu məsələ bir neçə kontekstdən qiymətləndirilə bilər:
"Bu təxribatların Azərbaycanla Ermənistan arasında sülhün razılaşması mətninin tam hazır olmasından sonrakı dövrə təsadüf etməsi özü belə düşündürücü haldır. Adətən siyasi proseslərdə təsadüf olmur və görünən odur ki, bu provokasiyalar birbaşa olaraq danışıqları pozmaq və münasibətlərin normallaşmasına mane olmaq məqsədi daşıyır. İndi "Bu təxribatlar haradan idarə olunur?’ sualı meydana çıxır. Birincisi, ola bilsin ki, Ermənistan hakimiyyəti özü gedərək və məqsədli şəkildə sabotajlar törədir və məqsəd sülhdən yayınmaqdır. Əgər bu variant doğrudursa, deməli, Ermənistan hakimiyyətinin əməli ilə sözü üst-üstə düşmür və İrəvan heç də iddia etdiyi kimi sülhə səmimi deyil. İkincisi, ola bilsin ki, təxribatlar Ermənistan daxilində Ermənistan hakimiyyətinə tabe olmayan revanşist qüvvələr tərəfindən idarə olunur. Çünki Ermənistan daxilində mərkəzi hakimiyyətə tabe olmayan qüvvələr var ki, onlar müxtəlif güclər, o cümlədən Rusiya və Qərb, əsasən Rusiya tərəfindən idarə olunurlar.
Təxribatları məhz onların törətməsi mümkündür. Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə nazirinə çağırış edərək bildirdi ki, atəşkəs pozulmasın. Və elə bu bəyanat özü də belə şübhələr yaradır ki, Ermənistanda iqtidara tabe olmayan qüvvələr var. Əgər belədirsə, bu, Ermənistan hakimiyyətinin siyasi iradəsizliyini göstərməklə yanaşı, həm də Ermənistan iqtidarında ikitirəliyin təzahürü kimi qiymətləndirilməlidir".
Şərhçinin sözlərinə görə, Ermənistandakı proseslər kənardan idarə olunur:
"Yəni ‘kənardan’ dedikdə, Ermənistan hakimiyyətinə təxribatlarla bağlı təzyiqlər edilir — xüsusilə Qərbdən və Fransadan. O cümlədən, Fransanın Ermənistan hakimiyyətinə təzyiq göstərməsi məsələsi var ki, təxribatlar törətsin. Ermənistan hakimiyyəti Qərbdən, həmçinin Fransadan asılı olduğuna görə, özü hətta sülh istəsə belə, bu asılılıq onu şərtləndirir ki, Ermənistan “çaldığı havaya oynasın” və təxribatlara yol versin. Əgər bu variant doğrudursa, bütün hallarda — hansının doğru və real olmasından asılı olmayaraq — məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır. Digər tərəfdən Azərbaycanın səbri sonsuz deyil. Əgər təxribatlar davam edərsə, Azərbaycan adekvat cavab tədbirləri görə bilər. Ermənistanla Avropa İttifaqı arasında fəaliyyət göstərən müşahidə missiyası bu proseslərə hələ ki səssiz qalır. Və bu səssizlik özü sual doğurur: Müşahidə "missiya"sı hara baxır? Niyə Ermənistana “Gözün üstə qaşın var” demir? Niyə təxribatların davamlılığına şərait yaradır? Əgər səssiz qalırsa, deməli, vəziyyətdən məmnundur. Və hətta böyük ehtimalla Avropa İttifaqı müşahidə "missiya"sı bu gərginlikdə maraqlıdır. Bu gərginlik maraqlı olduğuna görə də birbaşa təxribatlara şərait yaradır".
Məsumə Məmmədli