İsrailin hücumları səbəbindən Qəzzada 4700-dən çox adamın bədən üzvləri amputasiya edilib

Tarix: 20:07 17.04.2025
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlar səbəbindən Qəzza zolağında 850-dən çoxu uşaq olmaqla 4700-dən çox adamın bədən üzvlərinin amputasiya edildiyi bildirilib.
Martın 18-də Həmas ilə atəşkəsi pozan İsrail ordusu Qəzzaya hücumlarını davam etdirir.
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 51 min 25 nəfər həyatını itirib, 116 mindən çox fələstinli isə yaralanıb.
Bu ölümcül hücumlar Qəzzada bəzi fələstinlilərin həyatını əbədi olaraq dəyişdirir.
Hücumlarda aldığı ağır xəsarətlər və ya İsrailin dərman və tibbi ləvazimatların ölkəyə girişinə icazə vermədiyi üçün çoxlu fələstinli bədən üzvlərini itirib.
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir Abdullah əl-Berş sosial media hesabından etdiyi paylaşımda, 7 oktyabr 2023-cü ildən bu yana Qəzzada 4700-dən çox insanın İsrailin hücumları səbəbilə əzalarını itirdiyini bildirib.
Berş qeyd edib ki, İsrail bombardmanlarında bədən üzvlərini itirənlərin 850-dən çoxu uşaqdır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Qəzza əhalisinin sayına görə dünyada ən çox amputasiya olunmuş uşaq sayına malikdir.
İsrail dərman və tibbi ləvazimatların Qəzzaya daxil olmasına icazə vermədiyi üçün çoxlu uşaq və böyüklər hətta narkoz olmadan amputasiya edilir.
TRT Xəbər
Lalə Qurbanlı