Tramp: 2024 kampaniyam zamanı sui-qəsd cəhdləri barədə dəqiq məlumatlandırılmamışam

Tarix: 20:41 17.04.2025
ABŞ Prezidenti Donald Tramp, 2024 seçki kampaniyası dövründə ona qarşı edilən sui-qəsd cəhdləri ilə bağlı “dəqiq məlumatlandırılmadığını” bildirib.
Fox News kanalına verdiyi müsahibədə Tramp, kampaniya dövründə baş verən iki sui-qəsd cəhdinə dair istintaqlara toxunaraq “nəyə inanacağını bilmədiyini”,- deyib.
O qeyd edib ki, Gizli Xidmət və Federal Təhqiqat Bürosu (FBI) ona aydın izahat verməyib:
“Nəyə inanacağımı bilmirəm. Dürüst olmaq lazımdırsa, nə Gizli Xidmət, nə də FBI mənə mükəmməl bir izah verib",- deyə Tramp bildirib.
Tramp əlavə edib: “(Bu qurumları) idarə edən iki yaxşı insanımız var və mən həmin izahatı eşitmək istəyirəm. İctimaiyyətə açıqlanmasa belə, mənim eşitməyimə icazə verilməlidir ki, ictimaiyyətə açıqlaya bilim".
Trampa qarşı sui-qəsd cəhdləri
Tramp 13 iyul 2024-cü ildə Pensilvaniyanın Batler bölgəsində keçirilən mitinqdə tribunadan tərəfdarlarına xitab edərkən silahlı hücuma məruz qalmışdı. Hücum zamanı mitinq iştirakçılarından biri həlak olmuş, iki nəfər yaralanmışdı. ABŞ Gizli Xidməti hücum edən şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
FBI bu hücumu sui-qəsd cəhdi kimi qiymətləndirmiş, araşdırmalardan sonra cəhddə bulunan və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu bildirib.
Bu hadisədən sonra Gizli Xidmət “uğursuzluq və zəif əlaqələndirmə” səbəbilə çoxsaylı tənqidlərə məruz qalıb.
Bundan əlavə, 15 sentyabr 2024-cü il axşamı Trampın Floridada qaldığı yerin yaxınlığında silah səsləri eşidilmişdi. Yerli hüquq-mühafizə orqanları hadisədən sonra ərazidəki kollar arasında AK-47 silahı tapıldığını və bir şübhəlinin saxlanıldığını bildirib.
16 sentyabr 2024-cü ildə hakim qarşısına çıxarılan şübhəli Rayan Vesli Raut “odlu silah saxlamaq” və “seriya nömrəsi silinmiş odlu silah saxlamaq” maddələri ilə ittiham olunub.
TRT XƏBƏR
Günel Verdiyeva