Ermənistan-Azərbaycan sülhü: İkitərəfli danışıqlar və regional reallıqlar

Bölmə: Siyasət › ,
Tarix: 20:59 17.04.2025

“Ermənistan-Azərbaycan danışıqları məhz ikitərəfli formatda, xarici müdaxilə olmadan daha yaxşı nəticələr verib”.

Bu sözləri Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Türkiyə KİV-ə müsahibəsində deyib. O xatırladıb ki, nizamlanma prosesində Rusiya, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, çoxsaylı vasitəçilər və yardımçı tərəflər iştirak edib.

 

“Lakin Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən yaxşı nəticələrə məhz birbaşa ikitərəfli dialoq formatında nail olunub”. “Texniki baxımdan heç bir problemimiz yoxdur. Buna görə də, bizə heç bir başqa vasitəçi lazım deyil” ,- deyə o bildirib. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İran ilə ABŞ arasında müharibə ehtimalı böyüyür. Bunun fonunda Ermənistanın Azərbaycan ilə arasında münasibətlərin normal olmasına cəhd etməsi labüddür:

 

“Ermənistan - Azərbaycan arasında demək olar ki, sülh prosesi üçün tələb olunan şərtlərin icra edilməsi məsələsi razılaşdırılıb. Çünki ATƏT-in Minsk qrupunun ləğvi, Azərbaycana qarşı iddialarının konstitusiyadan çıxarılması kimi məsələlərin həllinin mümkünlüyü barədə Ermənistan baş naziri və xarici işlər naziri tərəfindən mövqe açıqlanıb. Lakin məsələ bunun reallaşmasıdır. Həmçinin ötən günlərdə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan dövlətlər arası kommunikasiyanın açılmasına hazır olduqlarını ifadə edib. Təbii ki, Ermənistanda da seçkilər yaxınlaşmaqdadır, həmçinin qonşusu İran ilə ABŞ arasında müharibə ehtimalı böyüyür. Bunun fonunda Ermənistanın Azərbaycan ilə arasında münasibətlərin normal olmasına cəhd etməsi labüddür. Həmçinin regionda qonşu və digər maraqlı dövlətlərlə iqtisadi əlaqələrin qurulması üçün sülh müqaviləsinin reallaşması gərəklidir.

Hesab edirəm ki, ikitərəfli danışıqlar daha faydalı ola bilər. Əgər bu məsələ iki tərəfin arasında razılaşılıb, dil tapılıbsa üçüncü tərəfə lüzum yoxdur. Anlaşmazlıq, razılıq əldə olunmamış müəyyən mövzular qalsa idi, onu da hər iki tərəf öz aralarında həll edə bilməsəydilər belə yenə də üçüncü tərəfə ehtiyac yoxdur. Çünki "üçüncü tərəflər" otuz il bu işlərə qarışaraq nəinki həll etdilər, əksinə daha da həlli uzatdılar, nəhayət Azərbaycan özü təkbaşına həll etməli oldu. Odur ki, danışıqlarda da bu yolun daha effektiv olduğu görünür".

 

Politoliq Azərbaycan və Ermənistan arasında yeni gərginlik ehtimalından da danışıb:

 

“Gərginlik yaranacağına ümid etmirəm. Təbii ki, bu ehtimala qarşı da mexanizmlər hazırlanmalıdır.

Yeni eskalasiya riskinin yaranması ehtimalı minumumdur. Əgər olsa belə üçüncü tərəfin bu riski hansı dərəcədə azaldacağı da birmənalı deyil. Ümumiyyətlə artıq gərginlik dövrünün keçdiyini düşünürəm. Təbii ki, siyasətdə bütün ehtimallar nəzərə alınmalıdır. Bu baxımdan hər ehtimala qarşı yarana biləcək risklərlə şübhəsiz ki, əlavə tədbirlər görülməli, mexanizmlər olmalıdır".

 

Günel Verdiyeva