Azərbaycan səfiri Əlcəzair XİN-in idarə rəhbəri ilə görüşüb

Tarix: 20:59 17.04.2025
Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev bu ölkənin Xarici İşlər, Milli İcmanın Xaricdəki və Afrika Məsələləri üzrə Nazirliyinin Protokol İdarəsinin rəhbəri Muxtar Amin Xəliflə görüşüb.
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Əlcəzair arasında çox dərin münasibətlər formalaşıb:
“Bu təsadüfi deyil ki, rəsmi Bakı həmişə, xüsusilə Fransanın və Niderlandın yeni müstəmləkəçilik cəhdlərinin qarşısında durur. İndiki dövrdə millətlər və xalqlar oyanış prosesinə qoşulublar. Digər tərəfdən, yeni dünya nizamı uğrunda mübarizə gedir. Bu proseslərdə bütün ölkələr, xalqlar və ittifaqlar iştirak etməlidir.
Ərəb dünyası Azərbaycanın timsalında etibarlı tərəfdaş görür. Həqiqətən də Prezident Əlcəzairə səfər edərkən muzeylərə baş çəkdi və çıxışlarında bildirdi ki, "Azərbaycan xalqı da qərbin təhriki ilə Fransanın təxribatçı siyasətinin nəticəsində uzun illər erməni separatizmindən əziyyət çəkib. Bu separatizmin arxasında qərb qurumları və təsisatları dayanırdı". Ona görə də biz həm də mübarizə zəminində qabaqcıl təcrübəmizi bölüşməyə hər zaman hazırıq.
Azərbaycan Prezidenti Əlcəzairdə olarkən 1950–60-cı illərdə Fransanın Əlcəzair torpaqlarında törətdiyi dəhşətli hadisələrə dair prinsipial hüquqi mövqe sərgilədi və bu əməlləri qınadı. O vurğuladı ki, mübarizəyə qalxmış xalqın iradəsini sındırmaq olmaz. Qəhrəman Əlcəzair xalqı bu dəyəri yaşadaraq bütün dünyaya göstərdi ki, onların müstəqillik uğrunda mübarizəsində Fransanın və digər qüvvələrin qəddarlığı əslində onların acizliyini göstərirdi.
Azərbaycanla Əlcəzair arasında münasibətlərdə qarşılıqlı etimad böyük rol oynayır. Rəsmi Bakı və rəsmi Əlcəzair arasında dialoq etibarlı şəkildə davam etdirilir. Bir tərəfdən, müxtəlif beynəlxalq platformalarda bir-birimizi dəstəkləyirik, həm mənəvi, həm də siyasi baxımdan bir-birimizə kömək edirik. BMT, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı da çox vacibdir.
Əlavə olaraq, gələcəkdə söhbət hansı sahədən gedirsə-getsin, biz dostluğa hazırıq. Bakı ilə Əlcəzair arasında siyasi dialoq yüksək səviyyədədir. Bu isə o deməkdir ki, biz istənilən sahədə diqqətimizi artıraraq güclərimizi birləşdirməyə hazırıq. Burada təkcə enerji sektoru deyil, həm də humanitar sahələrdə inkişaf edən münasibətlər xalqları bir-birinə bağlayır. Təhsil, elm və mədəniyyət istiqamətləri bizim üçün olduqca önəmlidir. Dəfələrlə Əlcəzairdən gələn kollektivlər Azərbaycanda keçirilən festivallarda iştirak ediblər. Azərbaycan nümayəndələri də Əlcəzairə səfər edərək orada uğurla çıxış edirlər".
Çimnaz Telmanqızı