“İran ikili standartlara meyl edərək üzdə bir cür, arxada başqa cür addımlar atır”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:26 17.04.2025

İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycanda səfərdədir.

 

Onun səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

 

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda Azərbaycan-İran münasibətlərinin normal olduğunu demək olar:

 

 

"Azərbaycan Respublikası bütün qonşularla faydalı, normal, isti münasibətlərin tərəfdarıdır. Çünki bu münasibətlərin yüksək olması həm də iqdisadi əlaqələrin inkişafına vəsilə olur. Nəticədə ölkələrin xeyrinədir. İranla da biz həmişə qonşuluq, dostluq əlaqələrinin normal olmasının tərəfdarıyıq. Lakin İranın həm dünyada, həm də bölgədə yürütdüyü siyasətin bir çox fəsadları bu münasibətlərdə müəyyən zamanlarda gərginlik yaradıb. Qarabağ məsələsindəki real mövqeyi, hazırda Zəngəzur məsələsinin həllindəki mövqeyi heç də səmimi qonşuluq ənənələrinə, dini dəyərlərə müvafiq olmayıb. İranda çoxmilyonluq soydaşlarımızın yaşaması, ortaq mədəniyyət və tarixə sahib olmağımız bəzən İranı əksinə qısqanclıq səbəbi ilə uzaqlaşdıraraq Ermənistanla yaxınlaşdırıb. Son günlərdə "Ya Fatimeyi-Zəhra" kod adı ilə İranın Ermənistanla hərbi təlim keçirməsinin məqsədi qonşulardanmı özünü qorumaq məqsədi daşıyırdı? Yanmayan yerdən tüstü çıxarmaq, quru yeri qaşımaq heç də münasibətlərə fayda verməyib. Hazırkı durumda ABŞ və İran arasında, İsrail və İran arasında gərginlik az qala müharibə həddinə gəlib çatıb. Bu müharibə reallaşarsa, İranın qonşulara möhtaclığı daha da artacaq. Hədə-qorxu və təhdid yolu ilə heç nəyə nail olmaq olmaz. İran 40 ildir İsrail və ABŞ-ni hədələyir, heç bir şey dəyişmir. Ona görə təhdid, qorxutma yolundan əl çəkib səmimi və ədalətli siyasət aparmalıdır. İranda ölkəmizə qarşı terror və təhdid planları, hətta konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağıran qruplar fəaliyyət göstərir. İran bu təxribatlara son verməlidir. Həmin şəxslər Azərbaycana təhvil verilməlidir. Səfirliyimizə qarşı terror aktı həyata keçirən şəxsin edam olunmasını təxirə salmaqla da İran rejimi əmrin birbaşa özlərinin verdiyini sübut edir.
Azərbaycan həmişə sözünün üstündə durur. Qəbul edilən qərarlara sadiq qalır. Lakin İran bir əsim küləklə öz mövqeyini dəyişir, manipulyasiya edir. İkili standartlara meyl edərək üzdə bir cür, arxada başqa cür addımlar atır. Nəticədə münasibətlər daxilən gərgin qalır. Bu səfər çərçivəsində bu mövzulara da toxunula bilər. Eyni zamanda iqtisadi, kommunikasiya əlaqələrinin barəsində də dialoqun olması mümkündür”.

 


Politoloqun sözlərinə görə, İran Azərbaycana qarşı qərəzli siyasi mövqeyində dönüş etməlidir:

 


“Evin şüşədirsə , qonşunun evinə daş atmamalısan. İslam dəyərlərini tapdalamaq, bu dəyərlərin mahiyyətini kənara atmaq yolverilməzdir. Hazırda Azərbaycan-İran münasibətlərinin normal olduğunu demək olar. Ümid var ki, daha da yoluna düşsün. ABŞ-nin İrana hərbi müdaxiləsinin də biz məqbul yol hesab etmirik. Soydaşlarımızın əziyyət çəkməsi, qaçqın, köçkün axını olmasını və regionda yeni alovun alışmasını istəmirik. Lakin İranda da gərək bunu düşünsün. Özü ilə bərabər qonşularına da ziyan vurur. Danışıqlarda , hətta Azərbaycan İranın gərgin olduğu dövlətlər arasında vasitəçilik də edə bilər".

 



Nuray Əliyeva