Tbilisidə üçtərəfli görüş başlayıb

Bölmə: Siyasət › ,
Tarix: 21:37 17.04.2025

 

Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Bu barədə məlumatı Ermənistan XİN yayıb.

Bildirilib ki, görüşdə regional əməkdaşlıq məsələlərinin müzakirə edilməsi gözlənilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, gələcəkdə Güney Qafqazda bu üç ölkənin əməkdaşlıq formatı  yaradıla bilər:

 

“Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirliklərinin müavinlərinin Tbilisidə keçirilməsi planlaşdırılan üçtərəfli görüşü regionda münasibətlərin normallaşması baxımından müsbət hal kimi qiymətləndirmək olar. Nəzərə almaq lazımdır ki, 44 günlük müharibə bitdikdən sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşması ilə bağlı təkliflərlə yanaşı eyni zamanda Güney Qafqazda əməkdaşlıq formatları təklif edib. 3+3 formatından əlavə, 2023-cü ilin noyabr ayında Azərbaycan prezidentinin Gürcüstana səfəri zamanı üç Qafqaz ölkəsinin əməkdaşlığından ibarət bir formatın yaradılması təklifi irəli sürüldü. Gürcüstan tərəfindən bu ideya dəstəkləndi, lakin Ermənistan tərəfindən bu günə qədər bu istiqamətdə konkret mövqe və addımlar görmürük. Ermənistan xarici işlər nazirinin müavini görüşə qatılması müsbət hal sayıla bilər. Hesab edirəm ki, bu format gələcəkdə düşünülən istiqamətdə gedərsə və Ermənistan sülh prosesi ilə bağlı mövqeyini konkretləşdirib konstruktiv addımlar atarsa və Azərbaycanın da tələblərini həyata keçirməklə sülh müqaviləsi imzalayarsa, gələcəkdə Güney Qafqazın- üç ölkənin əməkdaşlıq formatı yaradıla bilər. Bu perspektiv kifayət qədər ciddidir. Əgər belə bir formatın yaranmasına və konstruktiv əməkdaşlıq mühitinə nail olmaq mümkün olsa, o zaman Güney Qafqazda sülh və əmin-amanlıq bərqərar olunar. Bunun nəticəsində bölgə təhlükəsiz hala gələr, bu isə bütün tərəflərin maraqlarına uyğundur”.

 

Lalə Qurbanlı