Ukrayna köməksiz qalır – ABŞ oyun qaydalarını dəyişir

Tarix: 21:19 17.04.2025
ABŞ Ukraynaya hərbi yardımı dayandırdı. Ukrayna-Rusiya müharibəsi yeni və həssas mərhələyə qədəm qoyur.
Vaşinqtonun bu qərarı təkcə Kiyevi deyil, həm də Avropa İttifaqını çətin vəziyyətə salır.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp hesab edir, münaqişənin tezliklə sona çatdırılması üçün hərbi əməliyyatlar dayandırılmalıdır:
"Məlum olduğu kimi, enerji infrastrukturlarının hədəf alınmaması ilə bağlı bir aylıq şifahi razılaşma əldə olundu, lakin bu razılaşmaya tam şəkildə əməl olunmadı. ABŞ bu proseslərə öz milli maraqları prizmasından yanaşır. Tramp dəfələrlə vurğulayıb ki, bu münaqişənin davam etməsi mənasızdır və ağır insan itkilərinə səbəb olur. O, müharibəyə son qoymağın yollarından biri kimi Ukraynaya hərbi yardımın dayandırılmasını görür.
Eyni zamanda, Tramp administrasiyası bu məsələyə əvvəlki hakimiyyətlərdən fərqli yanaşır. Vaxtilə ABŞ Ukraynaya güclü dəstək kampaniyasına başlayıb. Lakin Rusiyanın Ukrayna ərazisində irəliləməsi bir daha göstərdi ki, Qərb hərbi dəstəklə öz geosiyasi məqsədlərinə çata bilmir. ABŞ da bunu anlayır və nəticə etibarilə Ukraynaya əvvəlki səviyyədə yardımın davam etdirilməsinin faydasız olduğunu düşünür.
Bu baxımdan Tramp hərbi yardımı dayandırmağı real çıxış yolu kimi qiymətləndirir.
Məlumdur ki, Prezident Volodimir Zelenski ABŞ-dən 50 milyard dollar dəyərində hərbi yardım istədi, lakin bu müraciət rədd edildi. Bu fakt göstərir ki, ABŞ bundan sonrakı mərhələdə Ukraynaya əvvəlki səviyyədə yardım göstərməyəcək.
Hazırda ABŞ-nin əsas məqsədlərindən biri, əvvəlki mərhələdə Ukraynaya ayrılmış vəsaitlərin geri qaytarılmasıdır. Tramp bu məsələ ilə bağlı konkret rəqəmlər də açıqlayıb".
Politoloq əlavə edib ki, böyük ehtimalla Ukrayna ABŞ-nin mövqeyinə uyğun davranmağa məcbur qalacaq:
"Ona görə ki, Avropa İttifaqı (Aİ) Ukraynaya yardım niyyətini nümayiş etdirsə də, bu dəstəyin real və təsirli nəticələr doğurması çətindir. Hazırda Aİ-nin mövqeyi daha çox siyasi xarakter daşıyır və ABŞ olmadan Ukraynaya davamlı dəstək vermək imkanına malik deyil.
Bundan əlavə, Aİ daxilində Ukrayna məsələsində yekdil qərarın qəbul olunacağı da şübhəlidir.
Ukrayna ilə bağlı keçirilən sammitlərdə əsasən ritorik bəyanatlar səsləndirilib, lakin real nəticələr müşahidə olunmayıb.
Bu baxımdan, Böyük Britaniyanın Baş naziri Keir Starmerin də qeyd etdiyi kimi, ABŞ olmadan qlobal təhlükəsizlik məsələlərinin effektiv şəkildə həlli mümkün deyil.
Ümumilikdə Ukrayna məsələsinin əsasən ABŞ və Rusiya arasında həll olunacağı ehtimal olunur.
Sankt-Peterburqda Trampın xüsusi nümayəndəsi Uitkoff ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş və paralel olaraq Rusiyanın nümayəndəsi Kiril Dmitriyevin ABŞ-də apardığı danışıqlar onu deməyə əsas verir ki, tərəflər Ukrayna məsələsində ortaq məxrəcə gəlməyə çalışırlar.
Bu isə həm Avropa İttifaqını, həm də Ukraynanın özünü prosesdən kənarda qoya bilər.
Əslində burada yeni geosiyasi reallıqlar formalaşır və bu reallığın əsas müəllifləri ABŞ və Rusiyadır".
Aytən Ağazadə