Cənubi Asiyada nüvə gərginliyi: Hindistan və Pakistan qarşıdurmaya doğru

Bölmə: Dünya › ,
Tarix: 21:30 29.04.2025

Pakistan, 28–30 aprel tarixlərində Lahor və İslamabad arasındakı hava məkanının bir hissəsini böyükmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirmək məqsədilə bağladığını elan edib. Bu barədə "Clash Report" məlumat yayıb. Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinin hücum helikopterləri Hindistanla sərhəd zonasına yönəldilib.

 

Mövzu ilə bağlı "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda Hindistanın Pakistana münasibətdə aqressiv mövqe nümayiş etdirdiyi açıq şəkildə görünür:

 

"Baş vermiş diversiya hadisəsi ilə bağlı heç bir araşdırma aparmadan, sübuta əsaslanmadan məsuliyyətin dərhal Pakistanın üzərinə atılması bu yanaşmanı təsdiqləyir. Hindistanın məqsədi, görünür, Pakistanla hərbi toqquşma üçün bəhanələr yaratmaqdır. Bu isə, eyni zamanda, Pakistanın da öz növbəsində müəyyən aqressiv və radikal planlara malik olduğunu ehtimal etməyə əsas verir.

 

Böyük ehtimalla Hindistan Kəşmir bölgəsini nəzarətə götürmək üçün növbəti dəfə müharibə variantına əl atmaq niyyətindədir. Lakin bu ssenarinin Hindistan üçün uğurla nəticələnəcəyi böyük sual altındadır. Həmçinin qeyd edilməlidir ki, Hindistan Asiya qitəsində Ermənistanın rolu ilə müqayisə oluna biləcək bir mövqe sərgiləyir. Necə ki, Ermənistan siyasi manipulyasiyalar, təxribatlar və diversiyalarla məşğuldur, Hindistan da Pakistana qarşı oxşar fəaliyyətlər həyata keçirir. Bu baxımdan, hər iki ölkə arasında mənfi xarakterli mühüm oxşarlıqlar mövcuddur".

 

Politoloq əlavə edib ki, Hindistan ordusu sayca Pakistan ordusundan üstün olsa da, bu üstünlük Hindistanın qələbəsini təmin edəcək qədər həlledici deyil:

 

"Çünki Pakistan da nüvə silahına malik dövlətdir. Artıq Pakistan rəsmiləri bəyan ediblər ki, 130 nüvə başlıqlı raket Hindistana yönəldilib. Bu, açıq şəkildə göstərir ki, əgər müharibə baş verərsə, Hindistan nüvə zərbələrinin hədəfinə çevrilə bilər. Bu səbəbdən, Hindistanın radikal mövqeyi onu nüvə silahlarını gündəmə gətirməyə məcbur edir.

 

Hindistan və Pakistan arasında yaşanan bu gərginlik həm iki ölkə, həm də bütövlükdə Asiya qitəsi və region üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Türkiyə, Böyük Britaniya və Çin kimi ölkələrin Pakistanla yaxın münasibətləri mövcuddur və ehtimal ki, ABŞ-nin dəstəklədiyi Hindistan bu vacib geosiyasi amili də nəzərə almağa məcbur ola bilər".

 

Aytən Ağazadə