Gürcüstanda “İslam Dövləti” terror təşkilatının üzvü saxlanılıb

Tarix: 19:55 02.05.2025
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Rustavi şəhərində İnterpol xətti ilə axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb.
"İnformator.az" xəbər verir ki, bununla bağlı Gürcüstan DTX məlumat yayıb.
Məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin 2014-cü ildə Yaxın Şərqə getdiyi və “İslam Dövləti” terror təşkilatının sıralarına qoşulduğu müəyyən edilib.
Saxlanılan şəxs döyüş əməliyyatlarında təcrübəyə malikdir və partlayıcı qurğular üzrə yüksək səviyyəli mütəxəssisdir.
"Sözügedən şəxs terror təşkilatında xüsusilə mühüm fəaliyyətə görə məsuliyyət daşıyırdı. Axtarış nəticəsində şübhəlinin evindən müxtəlif dəlillər və elektron məlumat daşıyıcıları götürülüb. Terrorla Mübarizə Mərkəzi işi müvafiq kvalifikasiya üzrə davam etdirir", - deyə DTX-nin bəyanatında qeyd edilib.