Rubio Hindistan və Pakistanı əməkdaşlığa çağırıb

Bölmə: Siyasət › ,
Tarix: 20:57 02.05.2025

ABŞ dövlət katibi Marko Rubio Pakistanın baş naziri Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarla telefonla danışıb. ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryusun verdiyi məlumata görə, Rubio tərəfləri əməkdaşlığa çağırıb və ABŞ-nin Hindistanla terrorla mübarizədə əməkdaşlığa sadiqliyini vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, ənənəvi olaraq Pakistan daha çox ABŞ-nin tərəfkeşi sayılır:

 

"ABŞ dövlət katibi Marko Rubionun Pakistan və Hindistan rəsmiləri ilə danışığı tərəflər arasındakı ziddiyyətin həll olunmasına hesablanıb. Fikrimcə, Ağ Ev bu məsələdə müharibə tərəfdarı deyil. Daha çox Yeni Dehli ilə İslamabadın arasındakı problemin həlli üçün vasitəçilik etmək istəyini göstərir. Ənənəvi olaraq Pakistan daha çox ABŞ-nin tərəfkeşi sayılır. İndiki mövcud geosiyasi vəziyyət isə ABŞ-nin Hindistana bir qədər siyasi önəm verməsini tələb edir. Çünki Hindistan və Çin həm əhali sayına, həm də iqtisadiyyatına görə Asiyanın ən böyük ölkələridir. ABŞ üçün gələcəkdə Çinə qarşı istifadə etmək məqsədilə Hindistandan yararlanmaq daha əlverişlidir. Bu baxımdan, ABŞ müəyyən siyasi bəyanatlarında Hindistana dəstək verə bilər. Amma bu, Ağ Evin Pakistana qarşı olması və yaxud Pakistanı ikinci plana keçirməsi mənasına gəlmir".

 

Səyyarə Mirzəyeva