HƏMAS: Yeni bir köç olmayacaq, xalqımız qayıdış hüququna sadiqdir

Tarix: 18:58 15.05.2025
HƏMAS bəyan edib ki, Fələstin xalqı 1948-ci ildə baş verən Nəkbə (Böyük Faciə) kimi bir daha kütləvi şəkildə köçürülə bilməz və İsrailin artıq 19 aydır Qəzza zolağında həyata keçirdiyi soyqırıma baxmayaraq, xalq müqavimət və qayıdış hüququndan əl çəkməyəcək.
HƏMAS tərəfindən Nəkbənin 77-ci ildönümü münasibətilə yayılan yazılı açıqlamada bildirilir:
“Xalqımız üçün yeni bir Nəkbə və ya məcburi köç olmayacaq. Xalqımızın müqavimətlə həmrəyliyi düşmənin (İsrailin) planlarını puça çıxardı və bu, işğalı məğlub etməyin, azadlıq və qayıdışı təmin etməyin yoludur.”
Açıqlamada qeyd olunur ki, İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı ABŞ və Qərb ölkələrinin tərəfli mövqeyini ifşa edib və bu, həmin tərəf olanların və susqun qalanların alnında qara bir ləkə kimi qalacaq.
İşğal altındakı Fələstin torpaqlarında suverenliyin və işğalın heç bir legitim əsasının olmadığı vurğulanaraq, Fələstin xalqının paytaxtı Qüds olan müstəqil dövlətini qurana qədər mübarizəsini davam etdirəcəyi bildirilib.
Bəyanatda Fələstin xalqına İsrailə qarşı birlik çağırışı da edilib:
“Qüds və Əl-Əqsa Məscidi bu münaqişənin mərkəzidir, işğalın bu torpaqlarda bir qarış belə haqqı yoxdur.”
Fələstinlilər 14 may 1948-ci ildə İsrailin işğal etdiyi ərazilərdə müstəqilliyini elan etməsi və xalqı zorla köçürməsi səbəbindən 15 may tarixini Nəkbə (Böyük Faciə) günü kimi anırlar. Qərbi Şəriə və Şərqi Qüds isə 1967-ci ildən bəri İsrailin işğalı altındadır.
Mənbə TRT Haber
Günel Verdiyeva