Fidan və Rubio Ukrayna ilə bağlı razılığa gəlib

Tarix: 23:08 15.05.2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Marko Rubio Antalyada keçirilən görüş çərçivəsində Ukrayna üzrə nizamlanmanı müzakirə ediblər və Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların təmin edilməsi üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.
Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyənin bu prosesə böyük təsiri ola bilər:
“Ümumiyyətlə, Ukrayna və Rusiya arasında olan müharibə elə bir həddə çatıb ki, əslində hər iki tərəf də durmaq istəyir. Sadəcə tərəflərin hər biri qalib olaraq ayrılmaq istəyir. Ukrayna və Rusiyanın hər birinə ciddi ziyan dəyib, çoxsaylı itkilər var. Yəni, müharibənin davam etməsi artıq nəinki tərəflərə, hətta tərəflərin tərəfini tutanlara da sərf etmir. Rusiyanın bir çox strateji mərkəzləri sıradan çıxarılıb, iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərbə dəyib. Bu da onu Çindən asılı vəziyyətə salıb. Ukrayna isə demək olar ki, iflas olmaq dərəcəsindədir. Avropanın silah dəstəyi ilə dirənə bilir.
Türkiyə başda olmaqla tərəfləri sülhə çəkmək təşəbbüsü böyük önəm kəsb edir. ABŞ-nin Türkiyə ilə eyni məqsədlə sülh danışıqlarına cəhd etməsi, şübhəsiz ki, öz töhfəsini verəcək. ABŞ dövlət katibi ilə Türkiyə xarici işlər naziri arasında aparılan danışıqları sülh proqramının giriş hissəsi hesab etmək olar. Təbii ki, Rusiya da artıq bu danışıqlarda maraqlıdır və sülhə getməyə razıdır.
Türkiyənin bu prosesə ev sahibliyi etməsi, vasitəçilik rolu oynaması effektiv ola bilər. Çünki obyektiv və ədalətli yanaşır, öz maraqlarını önə çəkmir, ilk planda müharibənin dayandırılmasına çalışır. ABŞ-nin də bu mərhələdə iştirakı təqdirəlayiqdir və Türkiyənin mövqeyini gücləndirir.
Hesab edirəm ki, bu hələ ilkin mərhələdir. Təbii ki, tərəflərin nümayəndələri dövlət başçıları səviyyəsində hazırkı danışıqların nəticəsini müzakirə edəcəklər və əsas həlledici mərhələyə qədər ola bilsin ki, bir neçə bu cür görüş baş tutsun. Danışıqların nəticə verməsi Türkiyədən asılıdır. Ukrayna prezidenti bir qədər əvvəl ABŞ-da olmuşdu, prezident Trampla gərgin görüş baş tutmuş, lakin bir nəticəyə varılmamışdı. Artıq Türkiyənin vasitəçiliyə qoşulmasından sonra Rusiya lideri də buna müsbət rəy verdi, hətta özü bu barədə bəyanat verdi. ABŞ nümayəndələrinin də Antalya görüşündə iştirakı artıq sülh danışıqlarının ciddi niyyətlə aparıldığını göstərir.
Şübhəsiz ki, tərəflərin kompromisə getməsini zəruri edən amillər çoxdur. Əsasən Rusiyanın müəyyən ərazilərdən çəkilməsi kimi tələblər ortaya çıxa bilər. Amma düşünürəm ki, Rusiya lideri Türkiyədə danışmağa hazır olduğunu deməklə qarşıya qoyulacaq kompromisləri də nəzərə almamış deyil. Torpaq tutmaqla üstünlük əldə etsə də, iqtisadiyyatın çökməsi, çoxsaylı insan tələfatı və Çin kimi xarici dövlətlərdən asılı vəziyyətə düşməsi bu üstünlüyü tənəzzüllə əvəz edə bilər və daxildə üsyanlar baş qaldıra bilər. Bu ehtimallara görə artıq Rusiya da dayanmağın vacib olduğunu dərk edir. Hesab edirəm ki, bu danışıqlar sülhə gedən yolda hələ ilk addımlardır. Türkiyənin ABŞ ilə birgə proseslərə ciddi təsir qüvvəsi var və tərəflərin sülhə gəlməsi üçün göstərdiyi səylərin nəticəsiz qalmayacağına inanıram".
Lalə Qurbanlı