Hindistandan Türkiyə və Azərbaycana olan turizm tətilləri ləğv edilib

Tarix: 21:00 15.05.2025
Hindistan son regional gərginliklər fonunda Türkiyə və Azərbaycana təşkil olunan turizm tətillərini ləğv edib. Bu qərar həm siyasi münasibətlərə, həm də adıçəkilən ölkələrin turizm sektoruna ciddi təsir göstərib.
Məsələ ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, bu, son münaqişə zamanı Türkiyə və Azərbaycanın Pakistana verdiyi dəstəyin nəticəsidir:
"Bu, Hindistanda təbii ki, ictimai narazılığa səbəb olur — həm hökumət, həm də ictimaiyyət tərəfindən. Bildiyiniz kimi, Hindistanda güclü boykot çağırışları formalaşıb. Təəssüf ki, bizdə düzgün mövqe tutulmaması nəticəsində bu boykota Azərbaycan da məruz qalıb. Nəticədə Türkiyə və Azərbaycana edilən rezervasiyalar ciddi şəkildə azalıb. Artıq həm hökumət, həm də əhali səfərlərin qarşısını alır. Ləğvlərin sayı əvvəlki dövrlə müqayisədə bir neçə yüz faiz artıb.
Təbii ki, Azərbaycan eyni zamanda Hindistanın Ermənistana silah təchizatı siyasətini də pisləyir. Mən hesab edirəm ki, Azərbaycan Pakistan-Hindistan münaqişəsində tərəf tutmasa, bunun qarşısını almağa çalışa bilər. Əks təqdirdə, Azərbaycanın bu kimi böyük münaqişələrdə yer alması təkcə iqtisadi deyil, siyasi təhlükələr də yarada bilər.
Bu vəziyyət Azərbaycan turizminə ciddi təsir edib. Son illərdə ölkəyə gələn turistlərin təxminən 10%-i Hindistandan olub. Bu ilin ilk rübündə Azərbaycana 500 mindən çox turist gəlib və onların 11%-i, yəni 50 mindən çoxu hindistanlı turistlərdir. İllik hesabla bu, 200 mindən çox turist deməkdir. Bu itkinin kompensasiyası üçün alternativ turizm bazarları nəzərdən keçirilə bilər, lakin bu, ayrıca bir təşəbbüs tələb edir. İlk növbədə Hindistandan gələn turist axınının bərpası və artırılması düşünülməlidir. Əks halda, qısa müddətdə Azərbaycandakı otellərin doluluğuna və bununla əlaqəli iri və kiçik sahibkarlara mənfi təsir göstərilə bilər. Hazırda hökumətin bu məsələyə dair konkret addımları ilə bağlı açıqlama yoxdur".
Ekspert həmçinin məsələyə rasional yanaşmağın vacibliyini vurğulayıb:
"Azərbaycanın Pakistana hansısa formada nə onu qoruyacaq imkanı var, nə də buna ciddi səbəb. Din birliyi və digər məsələlər kənara qoyulmalı, məsələyə rasional yanaşılmalı və Azərbaycanın bu münaqişədə iştirak etmədiyi açıq şəkildə bildirilməlidir. Mən hesab edirəm ki, problemin həllinin əsasında bu dayanmalıdır. Əgər Hindistanda boykot əhval-ruhiyyəsi davam edərsə və hökumətin münasibəti dəyişməzsə, digər iqtisadi təşəbbüslərin heç bir faydası olmayacaq.
İqtisadi baxımdan ilk növbədə Hindistan vətəndaşları üçün vizaların sadələşdirilməsi, müddətinin uzadılması, elektron viza sisteminin tətbiqi və digər güzəştlər nəzərdən keçirilməlidir. AZAL və Hindistanın IndiGo kimi aviaşirkətləri əməkdaşlığa cəlb olunmalı, təşəbbüskarlıq göstərilməlidir. Dövlət Turizm Agentliyi birgə turizm paketləri təşkil etməli, onlayn reklam kampaniyaları aparılmalıdır. Məsələn, Hindistanda keçirilən müxtəlif turizm sərgilərində, tədbirlərdə iştirak etməli, Azərbaycanın tarixi və mədəniyyəti tanıdılmalıdır.
Azərbaycan sərgisi keçirilməli, çünki Hindistan bu sahədə ənənəvi təcrübəyə malikdir. Bəzən bu tədbirlərdə məmurların öz səfər maraqları üstünlük təşkil edir, lakin qeyd olunan tədbirlər həyata keçirilmədən heç bir təşəbbüs faydalı olmayacaq. Xüsusilə də diplomatik addımlar atılmadan, iqtisadi təşəbbüslər nəticə verməyəcək. İqtisadi addımlar dedikdə isə — yalnız vizanın sadələşdirilməsi, ucuzlaşdırılması, müddətinin uzadılması və prosedurların rahatlaşdırılması nəzərdə tutulur".
Güllər Gülhüseynova