Zelenskinin Türkiyə səfəri-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 00:50 16.05.2025

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.


Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya prezidentini İstanbula görüşə çağırması olduqca ağıllı bir manevrdir:

 

"Çünki ABŞ vasitəçilikdən çəkildikdən sonra Rusiya üçün təhlükəli və arzu olunmaz stiuasiya yaranmaqda idi. Ona görə də Zelenski Türkiyənin vasitəçiliyi ilə İstanbulda Rusiya-Ukrayna sülh danışıqlarının başlanmasını təklif etdi. Ancaq Zelenski bu təklifi Rusiyanın əleyhinə çevirməyi bacardı. Belə ki, o təklif etdi ki, nümayəndə heyətləri yox, iki ölkənin prezidentləri birbaşa görüşsünlər. O zaman bu savaşı sona çatdırmaq mümkün olsun. İstanbula gedərək Putini gözləyəcəyini bəyan etdi. İndi Putin bir qədər qəliz bir seçim qarşısındadır. Əgər İstanbula gedərək Zelenski ilə danışıqlar masası arxasına oturarsa, indiyə qədər verdiyi bəyanatların bir çoxsunun üzərindən xətt çəkməli olacaq. Birincisi Zelenskinin legitimliyini şübhə altına alıb. Bu öz əhəmiyyərini itirmiş olacaq. Digər tərəfdən Zelenski hakimiyyətinin siyasi-idealoji istiqamətlərini qəbul etmədiyini, yəni faşizmə bağlı bir hakimiyyət olduğunu bəyan edib. Bu da əhəmiyyərini itirəcək. Başqa bir tərəfdən özünün bu prosesdə iştirak etməsi prezident Putin üçün əlverişsiz şərtlər və əlverişsiz ittihamlar, təkliflər paketləri ilə üzləşmə ehtimalı da yaradır. Ona görə də Putin üçün bu görüşdə iştirak etmək o qədər də sərfəli deyil. Amma iştirak etməyəcəyi təqdirdə də Rusiya və Putin üçün bəzi problemlər yarana bilər. Çünki Qərbdə Rusiyaya qarşı qəbul olunacaq sanksiya paketlərini məhz bu görüşə görə təxirə salıblar. Əgər Rusiya prezidenti İstanbula gedərək Zelenski ilə görüşməsə, Qərbdə Rusiyanın sülh istəmədiyi barədə qənaətlər möhkəmlənmiş olacaq. Rusiyaya qarşı daha sərt, daha ağır iqtisadi sanksiyalar tətbiq olunacaq və bununla paralel olaraq, Ukraynaya hərbi yardımlar bərpa olunacaq, üstəlik də artırılacaq. Bu halda da Ukraynanın Rusiya ilə müharibə etmə potensialı nisbətən güclənmiş olacaq. Bütün bunları nəzərə alanda hesab etmək olar ki, məhz Zelenski Putin üçün olduqca əlverişsiz və qəliz bir manevr edib. İndi Putinin buna necə reaksiya verəcəyi Rusiyanın sülh və ya savaş istədiyini birmənalı şəkildə ortaya çıxara bilər".


Billurə Quliyeva